Page 141 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 141
Turbörq Nedreos
gəlirdi. Kişinin səsi elə qəzəbli idi ki, canına vəlvələ düşdü. Bəzi
sözləri ayırd edə bilirdi, getdikcə hər şeyi aydın eşitməyə
başladı. Səslər isə anbaan ucalır, kişi və qadının sözlərindən
qəzəb, nifrət yağırdı. Sonra balaca qızcığaz səsi gəldi, bu səs
yalnız “ata!” dedi. Addım səsləri bir-birinə qarışdı, qızcığaz
hıçqırıb ağlayırdı. Qapını hirslə çırpdılar. İndi yalnız qadın
ağlayırdı. Xerdis əli ilə üzünü tutdu. Zavallı qadın! Yenidən kişi
səsi eşidildi:
– Hətta uşaqlarda da mənə qarşı nifrət hissi oyatmısan.
Bütün həyatımı zəhərləmisən. Rədd ol, məni rahat burax!
Mənə yaxınlaşma, yoxsa səni öldürərəm!
Kişi o qədər də ucadan danışmırdı. Ona görə də Xerdis hər
şeyi dəqiq eşidə bilmədi. Amma bir neçə kəlmə dəfələrlə
qulağını deşdi: “Öldürərəm, başa düşürsən, mən əvvəl-axır
səni öldürəcəyəm”.
Xerdis dəli kimi pillələri enirdi.
“Öl-dü-rə-rəm!”, “öl-dü-rə-cə-yəm!” – səki ilə şütüyən
yağış seli sanki bu sözləri təkrar edirdi, “öl-dü-rə-rəm!” –
navalçadan axan su bu sözləri deyirdi, damcılar asfaltı döyəc -
ləyib qəzəblə eyni sözləri söyləyirdi.
Xerdis küçə ilə öz evlərinə yox, başqa tərəfə qaçırdı. Şalvarı
islandığı üçün bədəni buz kimi idi. Özünü dəhşətli dərəcədə 141
tənha, kimsəsiz hiss edirdi. Qorxusu keçib-getsə də, dizləri
hələ əsirdi. Keçirdiyi dəhşəti xatırladıqca, nədənsə ağrını
unutmağa başladı, maraq ona güc gəlmişdi: işə bir bax, Finnin
atası arvadını öldürmək istəyir!
Geri döndü. Evə can atırdı. İndi danışmağa sözü vardı.
Başını elə itirmişdi ki, tamam unutdu: axı evə gedəndə
istər-istəməz Finngilin qapısının önündən keçməlidir! Finngilin
evindən kimsə çıxdı və Xerdis donub-qaldı.
Finnin atası idi. Divara qısılmışdı, deyəsən, qızı heç
görmədi. Plaşının ətəyini düzəldə-düzəldə Xerdisin yanından
yel kimi keçdi. Qız yalnız ona fikir verməyə macal tapdı ki, kişi
qalstuk taxmayıb. Qalan hər şey yerində idi: əlağacı, lornet.
Sanballı cənablar kimi bığ saxlayırdı. Demək olar ki, yerimirdi,