Page 138 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 138
XX əsrin Norveç hekayələri
təmiz tualetin qoxuları bir-birinə qarışıb ağ qoxu yaradırdı.
Evləri çox səliqəli və rahat idi. Xerdis bu qoxunu içinə çəkib
qapını döydü.
– Matilda gəzməyə çıxacaq?
Matildanın anası enli, səliqə ilə ütülənmiş önlük taxmışdı,
saçları onu çox gözəl göstərirdi. Ümumiyyətlə, o, həmişə belə
idi. Mətbəxdəki səliqə-sahmana söz ola bilməzdi. Bir kənarda
isə təmizlikdən par-par yanan on cüt çəkələk düzülmüşdü.
– Belə havada?
Otaqdan qarışıq səslər gəlirdi: kimsə ucadan dərs oxuyur,
kimsə gülürdü, topu döşəmənin üstündə atıb-tuturdular,
kimsə yırğalanan stula yayılıb onu cırıldadırdı.
Xerdisi qəhər boğdu, çətinliklə nəfəs alırdı, gözləri doldu.
Güclə eşidilən səslə dedi:
– Mən yalnız ona bir söz demək istəyirdim...
Matildanın anası təpədən-dırnağadək islanmış qızcığazı
süzdü. Tərəddüdlə bildirdi:
– Yaxşı, keç içəri.
Xerdisi xoşbəxtlik hissi bürüdü. İlahi, Matildanın necə
mehriban və gözəl anası var! İçəri ayaq basmazdan əvvəl
qadına təzim elədi.
138 Xerdis islanmış plaşla otağa daxil olanda hamı səsini kəsdi.
Matildanın yırğalanan stula yayılmış atası əlindəki qəzeti
kənara qoydu, örtük çəkilmiş yemək masasının arxasında
əyləşib dərs oxuyan dörd uşaq da başını qaldırıb qıza baxdı.
Ailənin beşyaşlı qızı körpə qardaşını qucağında tutmuşdu,
onlar da gülməyə ara verib Xerdisə tərəf çevrildilər. Matilda
rəfiqəsini görəndə heç də onun qarşısına qaçmadı, əlindəki
topu sakitcə atıb-tuturdu, üstəlik, top havaya qalxanda macal
tapıb əl çalırdı. Demək olmazdı ki, Xerdisin gəlişindən məmnun
idi. Matildanın anası dedi:
– Sənə sözü var...
Ana bu sözləri elə söylədi ki, sanki üzr istəyirdi. Elə bil
deyirdi: “Matilda, narahat olma, indi çıxıb gedəcək”. Qız topla
oynaya-oynaya ağızucu soruşdu:
– Nə deyəcəkdin?