Page 136 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 136
XX əsrin Norveç hekayələri
Amma uzun müddət dərdləşmək adamı bezdirir. İndi yağış
səkilərdə təkbaşına rəqs edirdi. Xerdisi qəm basdı. Yağışla nə
danışasan, dükan-dükan, ya da başqa oyun oynamaq olmur,
bir də, necə başa salasan ki, səndən xoşum gəlir, onunla heç
sevişmək də mümkün deyil. Küçəboyu sürüşə-sürüşə gedən
damcılarla ötüşməyə girdi, yaş asfaltda ayaq izləri qalırdı,
amma ora-bura sıçrayan damcılara çatmaq olar? Qız qaçıb
hara gəlirdisə, damcılar ondan əvvəl peyda olurdu. Əslində,
bu oyun o qədər də maraqlı deyildi.
Küçənin ortasında dayanıb, islanmış barmaqlarını yaladı,
özünü tənha hiss edirdi. Sonra dərindən köks ötürüb yavaşca
yoluna davam etdi, irəlilədikcə də yağışın islatdığı boz evlərin
pəncərələrinə baxırdı. Matildagil küçənin o biri başında
yaşayırdı, evlərinin qapısı yaşıl idi, üzərində də oyma üsulu ilə
düzəldilmiş müxtəlif qoza və qızılgül fiqurları vardı. Eh, onsuz
da, bu fiqurlarla oynamaq mümkün deyil! Təəssüf: qapının
ağzında beşpilləli yaxşı pilləkən var, oynamaq üçün çox
rahatdır! Yəqin, evdəkilər Matildanı gəzməyə buraxmaya-
caqlar. Görüm kimi tapıram? Borqxildin yaşadığı evin qapısı
qırmızı və hamar idi. Pilləkənin bir pilləsi vardı, o da çox alçaq.
136 Başını qaldırıb Borqxildgilin eyvanına baxdı, gözlərini bir neçə
dəfə dalbadal qırpdı – yağış göz açmağa qoymurdu. Eyvandakı
dibçəklərdə ötənilki gül kollarının qurumuş çubuqları
görünürdü, yağış da hirslə onları döyəcləyirdi. Azacıq götür-
qoy eləyib qəti addımlarla qapıya yaxınlaşdı. Dəhlizin
döşəməsinə ağ daşdan üzlük döşənmişdi, çirkli olanda
ayaqqabının altından qəribə xışıltı gəlirdi. Elə indi də həmin
səs eşidildi. Borqxildgilin mənzilinin qapısı ağzında qəribə qoxu
duydu, evdən gəlirdi. Qırmızı-sarı qoxu idi, sobada bişən
peçenyenin, divar sobası və tozun qoxusu bir-birinə qarışanda
belə olur. Qapı açılanda bu qoxu sanki onu ağuşuna alıb isitdi.
– Borqxild gəzməyə çıxacaq?
Təzim edib mədəni tərzdə, yazıq səslə xəbər aldı. Küçədə
yağışdan göz açmaq olmursa, gərək xahişi bu səslə eləyəsən...