Page 14 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 14
XX əsrin Norveç hekayələri
geyirəm. Üzüm utanır, adamlardan gizlənirəm, yolda-izdə
tanış görən kimi girməyə bir deşik axtarıram. Sən isə hər il
özünə təzə kostyum tikdirirsən. Deməzsənmi, təzə kostyum
geyəndə kontorda adama daha çox hörmət qoyurlar. Bəs
küçədə-bazarda mən necə görünürəm, bu, vecinə də deyil.
– İlahi… – kişi nəyisə izah etmək istədi, amma arvadı onun
sözünü ağzında qoydu.
– Bəs silindr? – qadın get-gedə qızışırdı. – Sən özünə silindr
almısan! Əlbəttə, gözə kül üfürmək üçün!..
– Direktorun dəfnində geymək üçün almışdım… – kişi ikin -
ci dəfə izah etmək istədi. Amma boş yerə. Artıq arvadının
ağzını yummaq mümkün deyildi.
– Səhərdən-axşama kimi işləyirəm, oturub tikiş tikirəm,
yamaq vururam, adam içinə çıxmağa macal tapmıram.
Əlbəttə, belə ucuz işçi qüvvəsindən kim imtina eləyər? Mən
sənin üçün zəruri avadanlıq rolunu oynayıram. – Qadın əyri-
əyri gülümsədi.
Qadının yaddaşında acı xatirələr baş qaldırmağa başladı:
əvvəllər onu tez-tez məclislərə dəvət edərdilər, amma
hamısından boyun qaçırmalı olurdu; evlərində heç vaxt
qonaq-qara olmazdı; nimdaş paltar geydiyi üçün mağazalarda
14 satıcılar ona yuxarıdan-aşağı baxırdılar; nə qədər çalışsa da,
əyin-başını düzəldə bilmirdi. Dalanlardakı ucuz mağazaları
dolaşıb, babat paltar axtarmaqdan yorulmuşdu. Neçə dəfə
tanımadığı məhəllələrə gedib, bəzək əşyalarını satmağa
məcbur olmuşdu – onlarsız da yaşamaq olar! Axşamlar boş
evdə oturub paltar yamayarkən ürəyi sıxılır, cavanlıq
vaxtlarının xiffətini çəkirdi. Onda kontorda işləyirdi, öz pulu,
gözəl pal-paltarı vardı, qayğısız həyat sürür, istədiyi kitabları
oxuyur, dostlarıyla əylənirdi…
Sifəti pörtmüş qadın bütün bunları qışqıra-qışqıra
söyləyirdi. Bu zaman dili dolaşır, kələfin ucunu itirir, ağzına
gələni deyirdi:
– Guya arvadının qeydinə qalır… Arvadı ölsə, tələm-tələsik
aparıb quyulayacaq, dərhal başqasıyla evlənəcək. Arvad…