Page 520 - alberto moravia_Макет 1
P. 520
İŞTAHA
Sәhәrlәr yolunuz xәstәxananın yanından düşsә vә konvert
markasına bәnzәr sıx mәrmәr lövhәlәrin üstündә sağlıq
durumuna görә minnәtdarlıq sözlәri yazılıb yapışdırılmış divar
tәrәfdәn keçsәniz, Madonna kilsәsinin yaxınlığında içәrisi
dibçәklәr, rәngli heykәlciklәr vә lentli zәnbillәrlә dolu olan,
bütün mәhәllәni gül-çiçәklә tәmin edәn iri bir dükan görәrsiniz:
zavallı xәstәlәr üçün dost-tanışları, yaxın qohumları gülü mәhz
buradan alırlar. Gülsatan әtli-canlı, qamәtli, ağbәniz bir qadındır.
Özünә oxşayan on doqquz yaşlı bir oğlu da var – adı Karlodur,
çәkisi dә azından yüz kilo. Qalın şüşәli eynәk taxan Karlo
alver işlәrindә anasına kömәk edir. Yağ daman әtli yanaqları
çil-çildir, kürәn saçları da kirpi kimi biz-biz dayanır. Qarnı piy
bağlayıb, ayaqları isә elә bil bir cüt sütundur.
Karlo amerikansayağı geyinmәyi xoşlayır: idman gödәkcәsi,
zolaqlı şalvar. Dar gödәkcә bәdәninә elә yapışıb ki, elә bil
gödәkcә yox, jiletdir. Әyilib-qalxanda, deyirsәn şalvarı tikiş
yerindәn elә indicә partlayacaq, qәfil çevrilәndә isә döşlәri
arvadsayağı yırğalanır. Qabaqlar dostluq edәrdik, amma indi
Karlo mәndәn küsüb. Uzaqlaşmağımız mәni çox üzür. Bilirsiz
niyә? Karlonun elә mәzәli görkәmi var ki, adam onu görәn
kimi әhvalı düzәlir, dilxorçuluğu-filanı unudursan. Kefinin
durulması üçün tәkcә elә Karlonun necә iştahayla yemәsinә
baxmaq kifayәtdir: mәn bu cür iştahanı özgә heç kәsdә
görmәmişәm! Yarım kilo souslu spagettini çörәklә içәri
ötürәndәn sonra yazıq-yazıq deyir: “Elә bil dilimә loğma
dәymәyib… Ay Allah, acından öldüm!”
Hәrdәn tay-tuşlarla yığışıb Karlonu qәsdәn restorana dәvәt
edirdik – axı onun necә yediyinә baxmaq bir tamaşadır! Karlo
da bu tamaşanı göstәrmәk üçün özünü naza qoymaz, bizi çox
intizarda saxlamazdı. Bir dәfә yarımca saatın içindә bütöv bir
quzunun axırına çıxdı; dörd ayağın dördünü dә elә sümürdü
520