Page 516 - alberto moravia_Макет 1
P. 516
Alberto Moravia
kәtan gödәkcәlәrimizi әynimizdәn çıxarıb yerinә asdıq, sahiblә
sağollaşıb, yarıyacan salınmış dәmir pәrdәnin altından küçәyә
çıxdıq.
Bizim bar Akua Açetozaya aparan xiyabanda yerlәşir; bu-
radan Viterbo dәmir yoluna, әl uzatsan, çatar. Qaranlıq parkda
heç kәs gözә dәymirdi, axırıncı cütlüklәr Rimembrans parkındakı
yamacdan aşağı enmişdi. Aprel ayı idi, havalar isinmişdi, ay
hәlә görünmәsә dә, sәma yavaş-yavaş işıqlanırdı.
Xiyabanla getdiyimiz yolda Riqamontinin kefi kökәlmişdi,
hәmişәki kimi addımbaşı әrklә çiynimә vururdu, mәnsә idman
gödәkcәmin qoltuq cibindәki tapınçanın dәstәyini sıxa-sıxa
sanki keyimişdim. Yolayrıcında xiyabandan otluq cığıra keçib
dәmiryol xәtti boyunca addımladıq. Qum tәpәsinin kölgәsi
düşәn sahә әtraf yerlәrdәn daha qaranlıq idi – burasını da
nәzәrә almışdım. Riqamonti irәlidә gedir, mәn dә arxasınca
gәlirdim. Şәrtlәşdiyimiz yerә, fәnәrin yaxınlığına çatanda ayaq
saxlayıb dedim:
– Qız xahiş edib ki, onu burada gözlәyәsәn… görәrsәn,
indicә gәlәcәk.
Riqamonti dә dayandı, cibindәn siqaret çıxarıb alışdırdı.
– Hә, – dedi, – ofisiant kimi heç nәyә yaramasan da,
aradüzәldәn kimi tayın-bәrabәrin yoxdur.
Qәrәz, öz işindәydi: yenә mәni әlә salır, alçaltmaqda
davam edirdi.
Biz heç kәsin görmәdiyi adamsız yerdә durmuşduq, arxa
tәrәfimizdәn çıxan ay aşağıda duman pәrdәsinә bürünmüş
düzәnliyi işıqlandırır, şölәsini boz kolluğa, zibil qalağının
üstünә, ayağımız altında qıvrılan Tibrin gümüşü sularına
sәpәlәyirdi. Mәni әsmәcә tutmuşdu, özümә elә gәlirdi ki,
sanki bu ilıq havada soyuq dumandan donuram.
– Nә fәrqi var: bir dәqiqә tez, ya bir dәqiqә gec… Onun
xidmәt yeri bura yaxındır, yәqin, sahiblәrin getmәsini gözlәyir.
516