Page 388 - alberto moravia_Макет 1
P. 388
TӘLX OVQAT
Romalılar deyirlәr ki, sirokko onları bir tikә dә narahat
elәmir – uşaqlıqdan bu külәyә adәt elәyiblәr. Mәn dә romalıyam,
Kampitelli meydanında doğulub xaç suyuna salınmışam,
intәhası, sirokko hәr dәfә mәni әmәlli-başlı özümdәn çıxarır.
Bunu anam da bilir vә görәndә ki, sübh tezdәn göyün üzü
ağarıb, külәk düz adamın sifәtinә vurur, onda bәrk narahatlıq
keçirir, işә getmәk üçün geyindiyim vaxt mәnә hәmişә
nigarançılıqla baxır. Qaşqabağımın yer süpürdüyünü, sözümün
boğazımda ilişib-qaldığını görәndә, adәtәn, mәslәhәt vermәyi
dә unutmur:
– Bir az sakitlәş… Belә hәyәcanlanma… Özünü әlә al-
sana…
Yazıq anam! Bunları nahaqdan demir, çünki belә günlәri
mәn, hәqiqәtәn, pis keçirirәm; elә kökdә oluram ki, çox
rahatlıqla hәbsxanaya da düşә bilәrәm, xәstәxanaya da. Anam,
adәtәn, әlavәsini dә edir:
– Gör ha, heç özündә-sözündә deyil!
Sonra qonşularla dәrdlәşir:
– Cicinin sifәti bu gün elәydi ki… Sadәcә dәhşәt… İndicә
işә getdi. Bilirsiz, onda belә hallar olur, tamam tәbdәn çıxır,
özündә-sözündә olmur.
Ümumiyyәtlә, mәn bәdәncә çox cılızam; heç әzәlәlәrim
dә xüsusi nәzәrә çarpmır. Amma sirokko әsәn günlәrdә nәsә
mәni tәrpәdir, içimdәn qaynadır. İstәyirәm kimәsә ilişim,
kiminlәsә dalaşım, ya da, biz romalılar demişkәn, “әllәrim
gicişir”. Bir yerdә dura bilmirәm, var-gәl edә-edә adamlara
göz qoyuram, daha güclüsünü, daha zırpısını axtara-axtara
içimi yeyirәm: “Bax indi bu heyvәrәyә elә çәkәcәm ki,
burnundan qan fışqırsın, o birisinin dalından isә tәpik ilişdirmәk
lazımdır, qoy donbalaq aşsın… Bәs bu necә? Ax, keşkә bunun
sifәtini iki şillәyә fәtirә döndәrәydim!”
388