Page 280 - Tarey Vesos_Макет 1
P. 280
Tarey Vesos
– Hara belә? – soruşdu.
– Gözlә, Mattis, indi hәr şeyi sakitcә yoluna qoyacağıq.
Yörgen bu sözlәri deyә-deyә Xeqenin otağına keçdi vә
demәli, Mattisin bu partlayışının heç bir xeyri olmadı. Otaqda
tez-tәlәsik nә barәdәsә danışdılar vә ardınca birlikdә çıxdılar.
Yörgen sanki bacısını qoruyurdu. Bu dәfә Xeqe qardaşına nәsә
utana-utana baxırdı.
Yörgen balaca, qıvraq Xeqenin çiyinlәrini qucaqlayıb Mattisin
yanına gәtirdi. Heyrәtdәn Mattisin ağzı açılı qaldı. Xeqe qızardı.
Yörgen:
– Biz Xeqeylә yaxın dostlarıq, – dedi. – Gәrәk bunu sәn dә
bilәsәn.
Xeqe etiraz etmirdi, özünü sevinc vә tәşvişlә Yörgenin onu
qucaqlayan әllәrinin ixtiyarına vermişdi.
Mattis güclә soruşdu:
– İndi siz әsl sevgilisiz?
Nәhayәt, bacısı başını qaldırdı. Bütün ömrü boyu Mattisin
qabağına yemәk dolu qab qoymuşdu vә onun gözlәrinin içinә
baxmağa tam haqqı var idi.
Xeqe ona:
– Hә, Mattis, biz bir-birimizi sevirik, – dedi vә bu zaman
bacısının sifәti qardaşının heç vaxt görmәdiyi xoşbәxt tәbәssümlә
nurlandı.
Sonra bir ayrı cür gülümsәdi:
– Yörgeni mәnә elә sәn gәtirmisәn axı. Yadından çıxıb?
Mattis barışa bilmirdi, dәhşәt içindәydi: Xeqeni artıq hәmişәlik
itirib.
Mattis halsız vә eyni zamanda israrla:
– Bir-birinizi sevmәyә nә vaxt macal tapdınız? – soruşdu.
– Sәn göldә iş başında olanda.
Mattis görürdü ki, Xeqe Yörgenin qolları arasında xoşbәxtdi.
Sifәtini tanımaq olmurdu – nә yorğunluq, nә әsәb, nә dә qüssә
vardı. Baş verәnlәr Mattisi heyrәtlәndirmişdi. İlk әvvәl hәtta
buna sevindi, amma sonra anladı ki, Xeqe onun üçün daha
yoxdu.
280