Page 233 - Tarey Vesos_Макет 1
P. 233
Quşlar
Özünәinam hissindәn sanki ruhu bayram elәyirdi. Ömründә
heç vaxt avar çәkmәyi bacardığına, әgәr mәsәlә bu yerә gәldisә,
hәtta o ağıllılardan da pis avar çәkmәdiyinә görә bu qәdәr
sevinmәmişdi. Avarı inamla, sәlis çәkirdi. Qızlara:
– Yaxşı şeydi, – dedi.
– Nәyi deyirsәn? Qayığımızı?
– Әlbәttә. Başqa nә ola bilәr ki? – azca fikirlәşib soruşdu.
Qızlar gülüşdülәr: sevinc vә şıltaqlıqla.
– Yox, aydın mәsәlәdi ki, başqa heç nә.
İnger:
– İstәdiyin yerdә sәni düşürә bilәrik, – dedi. – Vaxtımız
çoxdu, bizi evdә şam yemәyinә gözlәyirlәr. Biz buralarda bütün
günü avaralanırıq.
– Mәn artıq bunu anlamışam, – Mattisin cavabı qısa oldu.
Bax belә dә olmalıdı. İnsan müxtәlif şeylәr barәdә belә
danışmalıdı. “Bu, mәnә mәlumdu, ya da artıq bunu anlamışam”.
Hәr şey bu sәpkidә olmalıdı. Avarların hәrәkәti zәiflәdi, qayığın
nizamı pozuldu.
– Ey, nә oldu?! – qızlar qışqırdılar.
O sәksәndi. Qızlar maraqla ona baxırdılar.
– Per, deyәsәn, az qala, yuxulamışdın.
Mattis:
– Üzr istәyirәm, – deyib xәyallarını özündәn kәnarlaşdırdı.
Yedәkdә gәlәn qayığın burnu gah suya batır, gah da dalğaların
üstә atılıb-düşürdü, amma batmırdı – çünki boş idi.
Mattis qızlara baxdı. Bu gün ona nәlәr bәxş etdiklәri qızların
ağlına belә gәlmәzdi.
Mattis bütün ürәyi ilә yenidәn:
– İnger vә Anna, – dedi.
Sәsi elә çıxdı ki, qızların gözlәrindә bir maraq oyandı. Amma
Mattis daha heç nә demәdi.
İnger barmaqlarını qayığın içindә tәrpәdә-tәrpәdә:
– Buna bax, araba kimi üzür, bәs qürrәlәnirdin ki, yaxşı avar
çәkmәyin var, – dedi.
Qızlar hiss edirdilәr ki, bu qәribә oğlan nәyә görәsә onlara
minnәtdardı. Vә buna sevinirdilәr.
233