Page 30 - Sholom_Aleyhem_Макет 1
P. 30
Şolom Aleyxem
Dәli olmuşam, qışqırıb-bağırıram, özümә әl qatmışam – xeyri
yoxdur! Nә isә, üç hәftә keçdi, az qalır ağlım başımdan çıxsın!
Qәflәtәn tәbrik mәktubu gәlir: onlar artıq nikaha giriblәr vә indi
mәndәn qorxmurlar. Eşitdiniz dә? Yazırlar ki, indi kimsә onları
şәrlәyә bilmәz. Başa düşürsünüz? Onlar bir-birini uşaqlıqdan
sevir vә nәhayәt, arzularına qovuşublar. Bәs hansı pulla
dolanacaqlar? Yazırlar ki, narahat olmayın: oğlan imtahanlara
hazırlaşır, universitetә daxil olub hәkimlik oxuyacaq, qız isә
mamaçalığı öyrәnәcәk. Yox, siz bunların әmәlini görürsünüz dә?
İndi hәr ikisi şagirdlәrә dәrs keçir, Allahın kömәyi ilә, ayda on
beş rubl qazanırlar. Evin kirayәsinә altı rubl yarım ödәyirlәr,
sәkkiz rubl yemәyә gedir, qalanını da Allah yetirir! Eşitdiniz dә?
Düşünürәm: “Ay-hay, yavaş-yavaş acından ölәcәksiniz, gәlib
ayağıma düşüb yalvaracaqsınız, onda sizә kim olduğumu
göstәrәrәm!” Arvadıma deyirәm:
– Sәnin zatın xarabdır, mayan çürükdür! Belә fırıldaqçı,
qumarbaz atanın övladından başqa nә gözlәmәk olardı?
Tәnәli sözlәri ox kimi ürәyinә batırıram, arvad da dillәnә
bilmir.
– Әvvәllәr, – deyirәm, – bacın qızından bir kәlmә pis söz
deyәndә acığın tuturdu, saçlarını yolurdun. Bәs indi niyә sakit
durmusan? Heç ürәyin dә getmir...
Kimә deyirsәn? Daşdan sәs çıxır, arvaddan yox!
– Elә bilirsәn, – sözümә davam edirәm, – xәbәrim yoxdur?
Sәn dә onlarla әlbirsәn! Birlәşib hiylә qurmusunuz! İşin başında
sәn durmusan!
Yenә susur, dillәnmir. Bәyәm demәyә sözü var? Bilir ki,
haqlıyam! Mәnә acıq gәlәn bir şeydir: mәrhәmәtimin әvәzini
belә verirlәr? Amma mәsәlә bunda deyil.
Düşünürsünüz, әhvalat bitdi? Tәlәsmәyin! Hәlә bu nәdir ki?!
Bir il ötdü. Mәktub göndәrirlәr, amma pul barәdә kәlmә dә
yazmırlar. Qәfildәn tәbrik mәktubu gәlir: körpәlәri dünyaya gәlib
vә mәni sünnәt mәrasiminә dәvәt edirlәr!
– Gözün aydın! – arvadıma deyirәm. – Zarafat deyil, nәvәn
olub!.. Yәqin, uşağa bacının qumarbaz әrinin adını qoyacaqlar...
30