Page 29 - Sholom_Aleyhem_Макет 1
P. 29
Mərhəmət göstərmə!
– Nә oyun? – dillәndi. – O, sizin baldızınızın qızı, mәn isә
qardaşınızın oğluyam. Hәr ikimiz eyni nәsildәnik.
– Özünü niyә onunla müqayisә edirsәn? – dedim. – Sәnin
atan doğma qardaşım idi, hamı onu abırlı adam kimi tanıyırdı,
qızın atası isә, Allah mәni bağışlasın, fırıldaqçının, qumarbazın
biri idi...
Görürәm, arvadımın әsәbdәn ürәyi gedir, vur-çatlasın başlayır,
alәm dәyir bir-birinә. Niyә? Arvadım bacısının әri barәdә
söylәdiyim sözlәri uda bilmir. Deyir, hәr ikisi dünyasını dәyişib,
ölülәrin dalınca danışma, onları rahat buraxmaq gәrәkdir. Yox,
siz Allah, eşitdiniz dә?
– Bacının әri, – deyirәm, – qoy Allah keçsin günahımdan,
әclafın biri idi!
Arvadın yenә ürәyi gedir. Günümüzә bax da! Adam öz evindә
dә istәdiyini danışa bilmir! Amma mәsәlә bunda deyil.
Sözün qısası, Peysli ciddi nәzarәtә aldım, hәr addımını
izlәyirdim ki, yenә bir hoqqa çıxarmasın. Allah dualarımı eşitdi,
oğlum düz yola qayıtdı, onu dilә tutub razı saldıq vә nәhayәt,
nişanladıq. Düzdür, qız dünya gözәli deyil, amma abırlı ailәdәndir,
tanınmış adamın övladıdır, cehizi dә... Nә isә, bizә layiq
adamlardır... Sevincimdәn qanad açıb uçurdum. Әladır, düz
demirәm? Ancaq tәlәsmәyin, indi bir әhvalat da eşidәcәksiniz.
Bir dәfә nahara evә gәlirәm, әl-üzümü yuyub süfrә arxasına
keçirәm, dua oxuyub baxıram ki, Peysl yoxdur! Ağlıma gәldi ki,
bәlkә, köhnә “mәrәz”i qayıdıb? Arvaddan soruşuram: “Peysl
hanı?” Deyir: “Bilmirәm!” Nahardan sonra cumdum şәhәrә,
alәmi әlәk-vәlәk elәdim, amma kimsәnin xәbәri yoxdur! Bir
adam tapıb kәndә, qohum Moyşe-Meyergilә göndәrdim. Tapşırdım
ki, mәnә Reyzldәn bir xәbәr gәtirsin. Hәmin adam öyrәndi ki,
qız dünәn şәhәrә, anasının mәzarını ziyarәtә gedib. Başladım
fәaliyyәtә. Әvvәlcә dişimin dibindәn çıxanı döşәdim arvadıma,
çünki bütün bәlalar ondan gәlir, axı Reyzl onun bacısı qızıdır!
Amma mәsәlә bunda deyil.
Qaçdım polis şöbәsinә, hәr yerә teleqram göndәrdim, adam
saldım, pul xәrclәdim – ancaq çifayda, elә bil yerin altına giriblәr!
29