Page 141 - Sholom_Aleyhem_Макет 1
P. 141

GÜVӘC



             – Reb, sizinlә işim var. Yәqin, mәni tanımırsınız, bәlkә dә,
          әvvәllәr görmüsünüz, bilmirәm, mәn Yentayam, Yenta Kurolopa.
          Bazar ağzında yumurta, toyuq, qaz satıram. Daimi müştәrilәrim
          var, iki-üç ev olar, hәmişә malımı alıb dadıma çatırlar, Allah
          ömürlәrini uzun elәsin.  Açığı, әgәr sәlәmә pul götürüb faiz
          vermәli olsaydım, batardım, dolana bilmәzdim. Başımı birtәhәr
          saxlayıram: hәrdәn bir üçlük qazanıram, sonra da hәmin pulu
          alış-verişә buraxıb artırıram! Bu minvalla günlәri, ayları yola
          verirәm. Kim nә deyirsә-desin, әrim sağ olsaydı,  Allah ona
          rәhmәt elәsin, dәrd çәkmәzdim. Amma sağlığında da güzәranımız
          şirin-şәrbәt deyildi, çünki pul qazana bilmirdi, әli gәtirmirdi...
          Düzdür, ölünün dalınca danışmaq yaxşı deyil, hәr halda, dilimin
          ucuna gәlibsә, demәliyәm: gecә-gündüz kitabları ilә qurdalanırdı,
          mәn dә işlәyib tәr tökürdüm. Uşaqlıqdan zәhmәtә alışmışam,
          anam öyrәdib, adı Baysa idi, Allah rәhmәt elәsin, şamçı Baysa:
          qәssabdan çoxlu haram heyvan piyi alar, qәliblәrә töküb şam
          düzәldәrdi. O vaxtlar ağ neft, çıraq – indi şüşәsi tez-tez partlayıb
          sınır – nә gәzirdi?
             Nәdәn danışırdım? Hә, kişinin vaxtsız ölmәyindәn. Rәhmәtlik,
          yәni bizim Moyşe-Bension dünyasını dәyişәndә cәmi iyirmi altı
          yaşı vardı. Niyә iyirmi altı? Özünüz sayın! Toyumuz olanda on
          doqquz yaşı tamam olmuşdu, indi isә ölümündәn sәkkiz il keçib.
          Mәnim hesabıma görә, iyirmi üç il alınır. Nә üçün iyirmi altı
          yox? Ona görә ki, yeddi il xәstә yatdığını hesaba almıram. Tez-
          tez naxoşlayırdı, elә bütün ömrü boyu xәstә idi, daha doğrusu,
          sağlam idi, ancaq öskürәk… Öskürәyi ki tutdu ha, daha başını
          götür, qaç! Hәmişә öskürürdü – elә axırına çıxan da bu mәrәzi
          oldu... Sizdәn uzaq, dәqiqәbaşı öskürürdü. Bu zәhrimar onu
          әldәn salmışdı! Hәkimlәr deyirdi ki, guya spazmdır, öskürsә dә,
          öskürmәsә dә, özünü büruzә verir! Boş söhbәtdir, bu hәkimlәrin
          dabbaqda gönünә bәlәdәm. Mәsәlәn, elә qәssab Aronun oğlunu




                                                              141
   136   137   138   139   140   141   142   143   144   145   146