Page 413 - "Yeni söz"
P. 413
Yazın ilıq şəfəqləri hardan gəlib bu torpağı tapıb, niyə onun üstündə gəzən Na q Məmmədli. Sarı dana
adamların və inəklərin dərisinə hopub əzalarını qıdıqlayır, baş açmıram. Dünyanın don
vurmuş o qədər yerləri, günəşə həsrət buzlaqları, sazaqları var ki, niyə məhz bu torpaq,
anlamıram. Günəş səxavətlə göydən işıqlarını səpəndə başa düşmürmü ki, gecə oldu,
ya gündüz, isti oldu, ya şaxta – buralar üçün fərq eləməz, yad cöngələr onsuz da şeşən
düyələrin üstünə atılacaq, çayırdan yeyib enə verən öküzlərimizsə sadəcə quyruğunu
bulayıb “mö” eləyəcəklər. Hər şey bu qədər sadədir, qurtardı getdi. Bəs onda bu günəş
niyə belə şığıyır, heyif deyilmi bu boyda işığı hədər yerə sərf eləmək. Yalnız öləndən
sonra başa düşdüm ki, bütün bunlar mənim ölümümü sürətləndirmək üçün imiş.

Yazın ilığı canıma keçər-keçməz dirçəlmişdim, nəsə şıllaq atmaq, uzaqlara qaçmaq,
qışdan çıxan düyələrə özümü göstərmək üçün meymunluq eləmək istəyirdim. Heç
məndən başqa özünə əl qatan yox idi; dedim axı, isti oldu, ya soyuq, səhər oldu, ya
axşam bu yerlərin adamları və inəkləri üçün elə bir fərq eləməzdi. Bütün günlər bir-
birinin tayı idi. İnəklər adamlara, adamlar da inəklərə oxşayırdı. Bəs mən niyə
dingildəyirdim? Yekə naxırın içində bir dənə dılğır sarı dana özünü qoymağa yer
tapmırdı; suyla dolu vedrəyə təzə dikəlmək istəyən buynuzlarımla kəllə vurdum,
“darap” elədi, arxın üstündən tullanmaq istəyəndə suya düşdüm “tarap” elədi, şeşən
düyəni görən kimi yanına qaçıb qabaq ayaqlarımı naxırçıların atı sayaq havaya qaldırdım
yerə dəyib “şarap” elədi. Yoğun buynuzları fil boyda cəmdəklərinin üstündə daha
vahiməli görünən təcrübəli öküzlər təəccüb və boşluqdan başqa heç nə ifadə eləməyən
mal gözlərini qaldırıb mənə sarı baxdılar, quyruqlarını buladılar. Nə olmuşdu görəsən,
bir yerdə qərar tuta bilmirdim, nə tay-tuşum olan sakit danalarla yola gedirdim, nə də
dünyagörmüş, ağır-batman öküzlərin mal baxışlarından abır-həya edirdim.

Heç günboyu tövlənin qaranlıq yerində naxırçıların başlarına pərvanə kimi
dolandıqları Krasnodar cöngələrinin adını tutmuram. Onlar üçün yazın-qışın, gecənin-
gündüzün qəti dəxli yox idi, əllərindən gələn yeganə iş yeyib-yatmaq və minmək idi.
Bizim dünyaya yemək və minmək üçün gələn öküzlərin nəyi bizdən artıq idi, bilmirəm,
sadəcə gözləri həmişə təzə dəymiş gilənar kimi qırmızıya çalırdı. Yazın ilıq şəfəqlərini
canımda hiss edər-etməz nədənsə ürəyimdən keçdi ki, özümü onların yanına verim,
bütün ömürlərini tövlənin qaranlığında başıbağlı, burnu həlqəli yatıb qalan
həmcinslərimdən hal-əhval tutum. Sonradan al qanıma boyanıb gəbərəndə başa
düşdüm ki, sən demə, bu diyarın inəklərinin arasında belə fikrə düşən birinci dördayaqlı
mən olmuşam. Dağdan ağır öküzlərin heç şeşə buynuzlarının ucundan belə keçməyən
bu dəhşətli macəra hardan beynimə girmişdi? Hər halda, dana idim, gələcəyim
qabaqdaydı, bəlkə də, qabaq da ola bilərdi, bu səhvi mənim danalığıma bağışlamaq da
olardı, amma bağışlamadılar…

413
   408   409   410   411   412   413   414   415   416   417   418