Page 409 - "Yeni söz"
P. 409
*** Müşfiq Şükürlü. Dülgərin qövmü
Həmin iki adam şəhərə üz tutdu. Atsız-miniksiz, piyada gəlib şəhərə çatdılar.
Axşamtərəfidir. Günəş bir misqal, barmaq ucu qədər qalıb və göyün ətəyindən
üzülüb-gedir. Hava bürkülüdür. Şəhərdə bir qadın da görmək mümkün deyil, kişilərsə
evlərinə getmək üçün hazırlıq görür. Qəssab dəmir qarmaqları, baltaları yığışdırır.
Satıcılar yavaş-yavaş tərpənir və bazardakı bu sönük ab-hava qaranlığa qarışıb yoxa
çıxır. İnsanlar şəhər meydanına tərəf axışır. Hamı bir-birindən soruşur, hamı bir-birinə
xəbər verir: nə olub, nədir bu səs-küy? Meydanda tünlükdür. Adamlar bir-birinə qarışıb.
Və lap başlanğıcda, meydanın açıqlıq hissəsində, pillələrin üstündə iki nəfər durub
çoxluğa tərəf danışır. Səsləri uzaqdan elə də eşidilmir. Onun üçün hamı bir-birini sıxır,
irəli atılmağa, qabağa keçməyə çalışır. Bu uzun, sarışın oğlan Piterdir. Onun saçlarında
hələ də şeh damcıları gilələnir. O, sakit dodaqlarını aram-aram açır və hüzur, sükunət
hopan sözlərini meydana üfürür:
– Biz yaxın olan bir günün müjdəçisiyik. Allah rəhmətini sizə ehsan elədi və əgər
onu və rəsulunu qəbul etsəniz, sizi bağışlayacağına söz verdi.
Çaşqın, dik baxışlar havada gəzir, gözlər bir-birinə, sonra da Piterin sifətinə zillənir.
Və nəhayət, hər şey aydınlaşır. Əvvəlcə içlərindən arıq, cılız, sümükləri bir-birinə keçmiş
qoca kişi yay kimi atılır. Çoxluğun arasından çıxıb arxası həvarilərə baxa-baxa camaatı
qarşısına alır: “Ey camaat, bunlara inanmayın! Bunlar yalançı kahinlər, sehrbazlardır...”
Ancaq camaat sakitcə durub baxır və bir az da dəqiqləşdirmək istəyir, axı bunlar kimdir,
nə istəyir. Paul danışmağa başlayır. O, İsa bin Məryəmin adını çəkir. Və bayaqkı qocanın
ardınca cavan, yaraşıqlı, əlləri, ayaqları yekətəhər, çəlimsiz bir oğlan çoxluğu yarır.
Qocadan bir addım da irəli gedib düz Piterlə Paulun gözlərinin altında dayanır. Gözləri
iri açılır, əlləri, qolları havada ixtiyarsız yellənir: “Rədd olun şəhərdən! Bir az da
danışmaq istəsəz, sizi daşlayıb qanınızı torpağa qatarıq!” Elə bil arxadakı qaragüruh
çoxluq bu səsi, bu sözləri eşitmək istəyirdi. Tünlük bir az da qaynayır və səslər, təhdidlər,
bağırtılar yüksəlir.
Hər şey aydın idi. Bu iki nəfərin kim olduqları bəlli idi, nə istədikləri də.
Adamlar bu qarma-qarışıqlıqda necə uzaqlaşdılar, nəyi necə tapdılar, bilinmir.
Ancaq köntöy, kəsici daşlar, soyuq, dəmir alətlər elə bil çoxluğun içinə atıldı. Hamı
əlində tutduğu, öldürə, yaralaya biləcək ağır alətləri havaya qaldırır və həvarilərin
üzərinə hücum çəkmək istəyir. Bu vaxt uzaqdan bir atlı çıxıb gəlir...
Oğlundan da böyük xoşbəxtliyin nurani, hissi yaşantısını, bəlkə də, Nəccar sonsuza
qədər unutmayacaqdı. Dünənki qeyri-adi, sərhədsiz mənəvi yükü bir neçə saat içində

409
   404   405   406   407   408   409   410   411   412   413   414