Page 383 - "Yeni söz"
P. 383
Türkün uşaqlarını həyətdə tək tuta bilmirdik. Mən, Rasim, Taleh söz vermişdik ki, Mətləb Muxtarov. Araba sahibindən sa lıkdır
döyəcəyik, özü də ‘’it’’ kimi... Fikirləşirdik ki, Novruzda tonqal ətrafına düşərlər, biz də
onları tək tutub döyərik. Amma bu da alınmadı. Qapılarına papaq atdığımızda qapını
açıb papağı görüb təəccüblənmişdilər. Sonra da bağlamışdılar qapını. Heç olmasa qapını
açmışdılar, elə qonşularımız vardı ki, qapını belə açmazdılar, biz də hirslənib qapını
təpikləyib qaçardıq. İndi-indi anlayıram ki, niyə qapını açmırdı qonşularımız. Nənəm
deyərdi ki, ‘’Bikə xalagilə papaq atmayın. Yazıq arvad evdə əriylə tək qalır. Novruzda
heç nə bişirmirlər’’. “Bəs o biri qonşular?” – deyəndə nənəm cavab verərdi ki,
imkansızlıqdan, bişirdikləri özlərinə güclə yetir, hələ bir papağa da bir şey qoysunlar?

O vaxtdan sevməzdim “imkansızlıq” sözünü. Bu söz hamımızın dostu olmağa
başlamışdı və hələ də bizlə dostluq edir. Babam bu sözü eşidəndə həmişə ağlayar,
müharibə illərini xatırlayardı.

1 aprel günündə Taleh gonbul qarnını tərpədə-tərpədə bizə gəlib dedi ki, Türkün
oğlu çörək almaq üçün həyətə düşüb. İlk əvvəl inanmadıq, yəqin 1 aprel zarafatı edir.
Amma babasının goruna and içəndən sonra hamımız qaçmağa başladıq. Binanın
tinində dayanıb onu gözləyirdik.

Taleh demişdi ki, qaça-qaça gedib çörək almağa. Uşaq bilirdi ki, onu döyəcəyik. Elə
binanın tinindən qaçaraq keçirdi ki, onu səslədik. Bizi görüb daha bərk qaçmağa başladı.
Amma faydası yox idi, çünki hər gün futbol oynayan bizlərdən bərk qaça bilməzdi. On
metr qaçmamışdı ki, tutduq onu. Təpik, yumruq, nə gəldi döşəyirdik, hətta söyüş də.
Qışqırığı yayıldı məhləyə qorxağın və gözlədiyimiz ‘’qəhrəman’’ yetişdi hay-küyə...
İbrahim əmi. Aldı əlimizdən it oğlunu. Amma yaxşıca çırpmışdıq.

Uşağı evə apardıqdan sonra İbrahim əmi gəldi və başladı beynimizi xarab etməyə
ki, siz səhv eləmisiz! Onlar yaxşı insanlardır. Bura bizə kömək etməyə gəliblər. Mən də
dedim ki, onların köməkləri elə papaq atanda verdikləri sovqatlar qədərdir...

“Atasını güc-bəla ilə yola gətirdim ki, sizi polisə verməsin. Yoxsa üç yüz-dörd yüz
alacaqdılar sizdən”.

İbrahim əmi bu döymək məsələsini hamımızın evinə bircə-bircə gəlib danışmışdı.
Babam çox əsəbiləşmişdi: “Səhv iş görmüsən. Heç atana oxşamamısan. Atan Necip
Fazılın ‘’Sakarya’’ şeirini əzbərdən bilərdi. Türklər bizlə qardaş millətdi, sən də qardaşını
döymüsən”.

Mən elə o vaxtlar qardaşımı da döyərdim. Çünki futbolda uduzanda mənə acıq
verirdi. Mən də dözmürdüm, döyürdüm.

Uşağı döydüyümüzdən bir həftə sonra Taleh yenə gonbul qarnını tərpədə-tərpədə
gəldi, dedi ki, Türk həyətə bir QAZ 24-lə gəlib. Deyəsən, şələ-külələrini yığıb gedirdilər.
İbrahim əmi də onlara kömək edir.

383
   378   379   380   381   382   383   384   385   386   387   388