Page 310 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 310
XX əsrin Norveç hekayələri
Mürəkkəb ləkəsini təmizləmək üçün maddəni işə saldım;
birazdan hamısı silinib getdi. Özüm də bilmirəm niyə, ancaq
mən bura freken Nessin romantik mühakimələrini qatmaq
istəmədim. O, kitabda nə yazıldığı ilə maraqlananda, dedim
ki, fransızca bir neçə söz idi, heç nə başa düşmədim.
Vaxt gedir, cənab İngenman isə bizi unutmaq bilmirdi.
Nəinki unutmur, axır vaxtlar, az qala, hər gün mağazaya baş
çəkirdi. Hər şey ondan asılıydı ki, gətirdiyi kitab bizim nə
dərəcədə əlimizdən tuturdu. Yox, o, heç vaxt dəyərsiz şey
gətirmirdi, amma belə də olmur ki, ömrü boyu kitab yığmış
adam həmişə bizə lazım olanı gətirsin. Alıcının zövqüylə
kolleksiyaçının zövqü fərqlidir, dükanda isə qiymət tələbatdan
asılıdır.
Frisnerin lüğəti, yaxud Xalvorsenin “Ədəbi ensiklope -
diya”sı kimi kitablar xalis tapıntıdır və bu cür nəşrləri satandan
sonra cənab İngenman hər dəfə bir həftəliyə yoxa çıxırdı.
Amma günlərin bir günü o, bizə bir neçə balaca, zərif elzevir 1
gətirəndə heç ona bu nüsxələrin əsl qiymətini də ödəyə
bilmədik. Şef hətta məsləhət gördü ki, Danimarkanın, yaxud
İsveçin bukinistlərinə müraciət etsin, ancaq cənab İngenman
razılaşmadı və onları mağazaya bizim qiymətlə verdi. Hə, bax
310 on altıncı əsrin bu nadir nəşrlərinin taleyi qəfildən müəy -
yənləşdi.
Onlara alıcı tapılanda mən mağazada tək idim. Tezdən idi,
hələ heç kəs gəlməmişdi, mən də pəncərənin qarşısında
dayanıb küçəyə baxırdım. Mağazaya bahalı, üstüaçıq bir
maşının yaxınlaşdığını gördüm. Maşından qəşəng bir xanım
düşdü, düşən kimi də mağazaya girməzdən qabaq əlini sükan
arxasında oturmuş kişiyə uzatdı. Kişi onun əlini öpdü, sonra
siqaret yandırıb gözləməyə hazırlaşdı. Xanım qapının ağzında
bir az ləngiyib, sonra qətiyyətlə içəri girdi, amma kitabla dolu
rəfləri görəndə bir qədər duruxan kimi oldu. Sanki içəri tələsik
girdiyindən ona nə lazım olduğunu unutmuşdu. Çətin ki,
1 Elzevir – XVI–XVII əsrlərdə Elzevirlər ailəsinə məxsus məşhur Holland
mətbəələrində basılmış və çox qiymətli sayılan kitablar