Page 279 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 279
Odd Vinger
yandırıb külə döndərirdi. Restorana girdi, burada girdə masa -
lar düzülmüşdü, pivə süzmək üçün parıltılı kranları olan barın
qarşısındakı fırlanan oturacaqlar isə çirk içində idi. İngilis
dənizçiləri oturub cin-tonik içirdilər. Yunqa pivə sifariş verdi,
sərinləşdirici tünd içki yağ kimi canına yayıldı, içindəki yanğını
söndürdü. Böyük mavi cib dəsmalı ilə üzünün tərini sildi.
Dəsmalı səfərə hazırlaşanda anası vermişdi. Çamadana başqa
şeylər də qoymuşdu: çöl-bayır kostyumu, alt paltarları, corab -
lar, gigiyenik ləvazimatlar. Fəhlə geyimi kisədə idi. Səfərə
çıxmazdan əvvəl bilirdi ki, mütləq mis tutacağı və asma kilidi
olan dənizçi kisəsi almalıdır. Gəmi yola düşəndə anası sahildə
dayanmışdı, əllərini yelləyib ağlayırdı, o isə gəminin arxa
hissəsində kəndirləri bir-birindən ayırırdı. Qış idi, qara rəngli
iki kiçik gəmi onları yedəyə alıb donmuş sahildən açıq dənizə
doğru dartırdı. Qış çox sərt keçirdi, küçələr qalın qar örtüyü -
nün altında qalmışdı.
O, anasına, bu zərif, köməksiz məxluqa baxırdı. Bildirəndə
ki, dənizə getməyə hazırlaşır, anası ağlamışdı, oğlunu bu
fikirdən daşındırmağa çalışmışdı. Eh, deməyə nə var ki! Bəs
dənizə getməsə, əvəzində anası nə təklif edə bilər? Onlar
mehribancasına bir-birinə sarılmışdılar. Yunqa deyirdi ki, artıq 279
uşaq deyil, ana sözü ilə oturub-duran vaxtı keçib. Ananın
sözünü saya salan kimdir? Əri tərəfindən tərk edilmiş zavallı,
iztirablar içində çırpınan qadın... Açıq dənizə doğru üzəndə
gəminin arxa tərəfində dayanıb anasına baxırdı, bu qadına
yazığı gəlirdi, amma elə ki Oslofolda çıxdılar, hər şey unuduldu.
İndi ananın siması sanki ruha çevrilib ən arxa plana keçmişdi,
yalnız çamadanı açıb ütülənmiş təmiz paltar götürəndə anası
yadına düşürdü. Ürəyi dözmədi, qərara aldı ki, Antverpenə
çatan kimi anasına məktub yazsın. Amma iş elə alındı ki,
Antverpendə başı qarışdı və məktub yazmaq yadından çıxdı:
Şkiper küçəsindəki əyləncə məkanlarında doyunca kef elədi,
özü kimi yunqa olan dostu ilə birlikdə iki gözəlçəyə ilişdilər,
qızları gəmiyə gətirdilər, şərab, sevişmək...