Page 244 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 244
XX əsrin Norveç hekayələri
– Mən pişikdən danışıram! Sən mənə qulaq asmırsan!
Yarım milyon… Nə faydası, əgər…
Qəzəbdən dil-dodağı titrəsə də, fru Alisa sözünün ardını
gətirmədi. Bəzən insanın fikirləri, özündən asılı olmayaraq,
adamı çox uzaqlara apara bilər. Yox, təmkinli olmaq, səbir
etmək lazımdır. Necə olsa da, bütün canlılar bir gün
yaşamaqdan yorulur, dünyadan dördəlli yapışmaqdan bezir.
Yox, yaxşısı budur, çox danışmasın, nə fikirləşdiyini büruzə
verməsin.
Uşaqların heç nə vecinə deyildi: Felisiya xalanı ziyarət
etmək mərasimi başa çatdığına görə sevinirdilər.
Axır ki, günlərin bir günü xəbər aldılar. Hə, xəbər gəldi ki,
Felisiya xala ölüm ayağındadır. Fru Alisa uşaqları evə çağırıb,
ciddi səslə buyurdu:
– Yuyunun, bayram paltarlarınızı geyinin!
– Axı bayram günü deyil…
– Nə olsun! Əlli olun, Felisiya xala xəstələnib.
Uşaqların ata-anası boz paltar geydi. Qara paltar geymək
olmazdı: hələ tez idi.
Felisiya xala yatağında uzanmışdı. Deyəsən, bu dəfə,
doğrudan da, halı pis idi. Səsi güclə çıxırdı, daha da büzüş -
244 müşdü, tükü yolunmuş cücəyə oxşayırdı. O qədər miskin
görkəmi vardı ki, adamın ona yazığı gəlirdi.
– İşlər necədir, xalacan? Haran ağrıyır? – Peter onun
çarpayısının kənarında oturub, əlini əlinə almaq istədi.
– Hər şey yaxşıdır. Sənin işlərin necədir?
Peter özünü gülümsəməyə məcbur etdi və cəld ayağa
qalxdı.
– Fikirləşdim ki, ola bilsin, sən… necə deyərlər… həkim
dedi ki…
– Həkim heç nə qanmır, – Felisiya xala mızıldandı, – mən
sapsağlamam.
– Heç yana gedən deyiləm, burada qalıb, sənə qulluq
edəcəyəm, – Alisa paltosunu çıxarmağa başladı.
– Lazım deyil, – Felisiya xala dedi – özüm öhdəsindən
gələrəm.