Page 265 - Tarey Vesos_Макет 1
P. 265
Quşlar
Yox, sahilә çıxan adi bir adam idi, belindә torbası da vardı.
Mattis qayığın dal tәrәfini sahilә verdi ki, kişi rahat minә bilsin.
İlk sәrnişini daşımaq necә dә xoş hissdi!
Mattis gәlәn adamı qabaqlayıb tәlәsik:
– Sәnә qayıqçı lazımdı, elәmi? – soruşdu. – Bu göldә camaatı
mәn daşıyıram.
Yad kişi razı qaldı.
– Mәnimki gәtirdi, – dedi. – Yaxşı hava var deyә, gördüyün
kimi, birbaşa dağların, tәpәlәrin arasıyla keçib-gәlmişәm. Burada
da fikirlәşirdim ki, qarşıma kimsә çıxana qәdәr sahil boyu gedim.
Düşünürdüm, gec-tez kimsә rastıma çıxıb mәni o üzә keçirәr –
pulla, әlbәttә. Buraların belә kimsәsiz olduğu ağlıma da gәlmәzdi.
Mәn bu tәrәflәrdә ilk dәfәdi oluram.
Mattis:
– Bu gündәn bu yerlәrin öz qayıqçısı var, – dedi. – Birinci iş
günümdü. Sәn dә mәnim ilk sәrnişinimsәn. Sәnә hara lazımdı,
birbaşa o biri sahilә? Mәn elә orada yaşayıram. Әlbәttә, Xeqeylә
birgә.
Sevincdәn Mattisin fikirlәri dә, dili dә dolaşmışdı. Amma
yad adam buna fikir vermirdi.
– Mәnimçün fәrq elәmәz, – nәsә bir qәdәr qәribә cavab
verdi. – Tәki sahilә tez çataq. Qorxduğum bir odur ki, sәnin
qayığın iki nәfәrә tab gәtirә bilmәz, hә? Mәnә elә gәlir, bu qayıq
adam daşımağa o qәdәr dә yaramır.
Yad adam bu xoşagәlmәz sözlәrlә qayığa minib ağır torbasını
yerә atdı. Torbadan iri bir balta sallanmışdı. Yәqin, bu kişi özünә
iş axtarmağa çıxmış bir meşәqıran idi. Sәrt vә güclü bir meşәqıran.
Yәqin, әzәlәlәrini sıxsa, köynәyinin qolu cırılar. Hәr halda,
görkәmi belә idi.
Mattis:
– Sәn bu qayığı elә dә çox söymә, – dedi: – Mәn bu gün ilk
dәfәdi işә çıxmışam, tәzә qayıq üçün dә pul qazanacam. Hәlә bu
işdәn bir ere dә xeyrim olmayıb.
Meşәqıran:
– Bәs necә yaşayırsan? – soruşub cavab gözlәmәdәn başını
çevirdi.
265