Page 10 - "Yolüstü söhbət"
P. 10
***

“Yolüstü söhbət” Saday Budaqlının latın qrafikasıyla nəşr olunan
ilk kitabıdı. “Döngə”də, “Çat”da toplanmış yazıların hamısı olmasa
da, çoxu bu kitabda yer alıb. Üstəlik, Sadayın doxsanıncı, ikimininci il-
lərdə yazdığı “Yağmursuz havalar”, “Yolüstü söhbət”, “Əclaf”, “Yaxşı
oğlan”, “Nisgil”, “Bir yay günü”, “Qoca” kimi hekayələri də yeni kita-
ba salınıb. Sadayın vaxtında hər biri ədəbi hadisəyə çevrilmiş “Şəbəkə”,
“Fevral” povestlərini, “Zədə” romanını kiril əlifbasını bilməyən gənclər
yalnız indi oxumaq imkanı qazanacaqlar. Bu əsərlərin yenə də oxunacağına
inanıram, çünki Saday Budaqlının yaradıcılığı dövrdən, zamandan,
məkandan asılı yaradıcılıq deyil.

Otuz il qabaq mənə – Sadayın “ilk” kitabını əlindən yerə qoymayan
bir məktəbliyə “düz otuz il sonra Saday Budaqlının kitabına ön söz yaza-
caqsan” desəydilər, inanmazdım. O vaxt Sadayın otuz yaşı vardı, indi
bir otuz da üstünə gəlib. Bu otuz ildə mən onun oxucusundan həmsöhbə-
tinə, dostuna çevrilmək şərəfinə nail oldum. O zamanlar mən Saday
Budaqlıya bir salam vermək, onun sözünü-söhbətini eşitmək üçün fürsət
güdürdüm; sonralar onunla saysız-hesabsız görüşlərimiz, söhbətlərimiz
oldu, Azərbaycanın bölgələrinə səfərlərə çıxdıq, bəzən gecə səhərə qədər
yatmayıb dərdləşdik, dağlara dırmandıq, bulaqlardan içdik, çaylarda çim-
dik, dostlarla birgə məclislər qurduq, şəkillər çəkdirdik... Hətta bir səfəri-
mizdə Saday bizi qəhrəmanlarından birinin prototipiylə tanış elədi – o
kişinin öz “müəllifini” necə duz kimi yaladığı heç yadımdan çıxmaz...

Noyabrın 13-də Saday Budaqlının 60 yaşı tamam olur. Məndən öt-
rü Azərbaycan ədəbiyyatının ən parlaq simalarından olan könül dostumu,
əqidə qardaşımı bu yubiley münasibətilə hamıdan qabaq təbrik eləmək
imkanı qazandığıma görə çox sevinirəm. Birinci otuzillikdə Saday öz
təxəllüsünü ədəbiyyat tariximizə tanıda bildi. İkinci otuzilliyin böyük
hissəsi təkcə onun üçün yox, bütövlükdə ədəbiyyatımız üçün çox da
uğurlu keçmədi. Ömrün üçüncü otuzilliyində Saday Budaqlının yeni
bir güclə ədəbiyyat meydanına girəcəyinə qəti şübhə eləmirəm, çünki
onu yaxşı tanıyıram, əsla tükənmədiyini, hələ deməyə sözünün çox ol-
duğunu, masasının gözündə bir yarımçıq romanın, müəllifin “qəbulunda”
növbə gözlədiyini bilirəm.

Fəxri Uğurlu

26 sentyabr 2015-ci il
   5   6   7   8   9   10   11   12   13   14   15