Page 458 - "Yeni söz"
P. 458
nc yazarların ədəbiyyat almanaxı

Amma hardansa külək peyda olub kəkilimdən yapışır, məni şəhərin bu başından o
başına sürükləyir. Mən yöndəmsiz göydələnlərə, xəstəhal ağaclara, kirli pəncərələrə
çırpıla-çırpıla uçuşun son nöqtəsinə – doğum evinin pəncərəsinə ilişirəm. Əlimi
qaşımın üstünə qoyub xırda gözlərimlə jalüzün arasından içəri boylanıram. Tərsliyə
bax, bura doğum şöbəsidir. Gənc xanım ana olmağa hazırlaşır. Görən, bu dünyaya gələn
hər kəs anasına belə əzab verir? Qadının bircə arzusu var: azad olmaq. Bu azadlıq nə
olan şeydi, ilahi, hamı onu arzulayır?! Ana canının bir parçasından – balasından belə,
azad olmaq istəyir. Əslində bu dünyada hər kəs son nəfəsinədək azad olacağı günü
gözləyir. İnsana oksigen kimi, azadlıq da lazımdı. Təbabət ölülərin əksəriyyətini oksigen
çatışmazılığı diaqnozu ilə yola salır. Amma mən toz dənəsinə çevriləndən sonra əmin
oldum ki, dünyadan köçənlərin böyük bir qismi azadlıq çatışmazlığından dünyasını
dəyişir. Kiminin azadlığı ailədə əlindən alınır, kiminin iş yerində, kiminin cəmiyyətdə.
Bütövlükdə DÜNYA özü azadsızlıqdan boğulur.

Toz vicdanım qımıldanır, mən tərs-tərs vicdanıma baxıram. Yəni sən nə istəyirsən,
bəxtin əməllicə gətirib, toz olmaq – elə azad olmaqdı da! Özümə bozarıb obyektimə
baxıram. Qadın əzab çəkir, dünya-aləm laqqırtı vuran mamaçaların, tibb bacılarının
vecinə deyil. Bilirlər ki, qadın qışqırıb-bağıracaq, iki dünya arasında çırpınacaq, sonda,
sonda, sonda... azad olacaq.

Ən maraqlı anı qaçırıram. Külək məni nəvazişlə o yerdən uzaqlaşdırır. Küləyin
hərəkəti xətrimə dəyir.

Düzünü bilmək istəsəniz, küləyi heç sevmirəm. Böyüklərə gücü çatmır, xırdaları
nəfəsi kəsilənəcən qabağına qatıb qovalayır. Elə deyir get, elə deyir qaç, elə deyir yüyür.
İt oğlu it, gül kimi baxırdım da...

Cəhənnəm olsun külək, toz olandan sonra şikayət eləmək, gileylənmək, qaramat-
qaramat danışmaq qudurğanlıqdı. Mən toz olandan sonra yaşamağın nə olduğunu
bilmişəm, özümü toz kimi hiss eləmişəm, öz aramızda qalsın, insan olanda bir dəfə də
özümü insan kimi hiss etməmişdim. Ona görə də adamlardan, hamıdan və hər kəsdən
üz döndərdim, toza çevrildim. Budur, rahat bir yerdəyəm. Ətrafımda mənim kimi xeyli
xoşbəxt toz dolaşır. Deyəsən, o sarışın tozu tanıyıram. Bədirxan müəllimə oxşayır... Hə,
özüdür ki var, universitetdə bizə orta əsrlərdən mühazirə oxuyardı. Ürəklə, şövqlə
danışdıqca mənə elə gəlirdi ki, müəllimimin orta əsrlər üçün burnunun ucu göynəyir.
Düzdü, orta əsrlərə gedə bilmədi, amma sonda istəyinə çatdı, toza çevrildi. İfallı, abırlı,
utancaq, canım müəllimim! Görən, yaxınlaşıb hal-əhval tutum, yoxsa qoyum toz
olmağın dadını çıxarsın?

458
   453   454   455   456   457   458   459   460   461   462   463