Page 451 - "Yeni söz"
P. 451
Heçliyin əfsanəsi Svetlana Turan. Heçliyin əfsanəsi

O doğulduğu andan qeyri-adi həyata başlamışdı. Hamı kimi doğum evində,
ya evdə, lap elə bəd ayaqda, təcili tibbi yardım maşınında da deyil,
təbiətin dəmir barmaqlıq arasına salınmış kiçicik qoynunda – zooparkda
doğulmuşdu.
Atası heyvanlara qulluq edən işçi idi. Orada yaşayırdı. Gözəl bir qızla evlənmişdi.
Bu gözəl qız da onun üçün bir oğul dünyaya gətirmiş, elə övladı doğulan kimi də
müəmmalı şəkildə yoxa çıxmışdı. Arvadının birdən-birə qeyb olması ərini dəhşətə
gətirmiş, yazıq hər tərəfi alt-üst etsə də, arvadının izini-tozunu tapa bilməmişdi.
Heyvanların daxmalarından heç nə ilə fərqlənməyən daxmasına dərdli-dərdli qayıtmış,
burada isə bir saniyə susmayan yeni doğulmuş ac uşağın bağırtısı onu lap dəli etmişdi.
Nə etmək olar, bu uşaq yer üzündə doğulması ilə valideynlərinə xoşbəxtlik
gətirməyən nə ilk, nə də son uşaqdı...
Uşağın anası möhtəşəm dərəcədə gözəl olduğu qədər, həm də dayazlığı ölçüyə
gəlməyəcək qədər yelbeyin idi. Zoopark işçilərinin öz aralarındakı pıçıltını hər tərəfə
yayan külək deyirdi ki, bu gözəlçə ərinə dəfələrlə xəyanət edibmiş və onun bir gün
qaçıb gedəcəyi, ilk növbədə, onun özünə, sonra da hamıya gün kimi aydın imiş. Amma
nədənsə bu külək məhz ərinin qulağının yanından ötəndə susmağa üstünlük verirdi.
Zooparkdan elə oğlunu dünyaya gətirdiyi gecə qaçıb gedən o gözəli bir daha heç kəs
görmədi.
Ağlayan çağanı necə susduracağını bilməyən atanın köməyinə zooparkın qocalıb
tamam əldən düşmüş süpürgəçisi – Sima qarı gəldi. O, gənc ataya yaxınlaşıb sakitcə iki
kəlmə söz dedi: “Aslan balası”. Atanı elə bil ildırım vurdu. Yerindən atılıb qapıya sarı
qaçdı. Birdən dayandı, geri döndü, qoca süpürgəçini heç bir söz demədən qucaqladı
və başılovlu zooparkın tibb məntəqəsinə yüyürdü.
Dişi şirin də bir neçə gün öncə balası olmuşdu, amma bu bala o qədər zəif idi ki,
onu anasından ayırıb tibb məntəqəsində saxlayır və ona keçi südü içirirdilər. Aslan
balası südün hamısını içə bilmədiyi üçün məntəqədə südün hər gün artığı qalırdı.
Həmin gecə və hələ dörd-beş ay sonra da uşağı keçi südü ilə bəslədilər. Ata övladına
ad qoymaq istədikdə ağlına ilk gələn söz “aslan” oldu. Çünki aslan balası olmasaydı,
uşağı üçün doğulduğu gecə süd tapılmayacaqdı. Zooparkın başqa bir işçisi uşağın aslan
balasından çox, keçi südünə və məntiqlə, keçiyə borclu olduğunu deyəndə ortaya az
qala dava düşəcəkdi. Amma vəziyyəti yenə də Sima qarı qurtardı. Nə qədər təzadlı olsa
da, aslan balasının adı oldu “Keçi”, uşağın isə Aslan.

451
   446   447   448   449   450   451   452   453   454   455   456