Page 390 - "Yeni söz"
P. 390
nc yazarların ədəbiyyat almanaxı

– Mən Nuhu aldada bilmərəm.
– Qulaq as. Nuh səni də gəmiyə qəbul edəcək. Bunu da götür. – Memeso bayaqdan
çiynində gəzdirdiyi kəndiri oğluna uzatdı. – Elə ki gəmiyə girdin, axtar, eşşəklərin olduğu
tövləni tap. Eşşəyin birini tut. Qaldır göyərtəyə, ordan belinə ip dola, düşür, mən də
aşağıdan alacam.
– Yox, ata, mən bunu edə bilmərəm.
– Edərsən. Mən aşağıda eşşəyi səndən alacam. Sonra da özün kəndirlə düşərsən.
– Mən bunu edə bilmərəm, ata. Cəhənnəm, Nuha qoşulmadıq, tərəfində olmadıq,
heç olmasa ona zərər vurmayaq. Bunu heç bizim allahlar da götürməz.
– Bizim allahlar, Nuhun allahı... Bəs bu boyda ailəni dolandırmaq üçün bizim allahlar
ruzi yetirir? Anan yenə hamilədir. Onun ruzisini kim yetirəcək?! Bəs mən necə
işləyəcəm?! Görəssən, bu yağışlardan sonra xeyli evin damı uçacaq, təzə taxtapuşlar
lazım olacaq. Müştərilər artacaq. Sən gedib meşədən ağac kəsib eşşək arabasında
gətirəssən, mən də onları yonub-düzəldəcəm. Ondan sonra bir eşşək də alarıq. Lap
istəsən Nuhun qızını da... – Təkgöz Memeso sözünün dalını gətirmədi.
– Ata, tufan...
– Nə tufanı, yağışdır, adi yağış. – Birdən Təkgöz Memesonun ayağı altından su
fışqırdı, bir ovuc palçıq qurbağa kimi atılıb üzünə yapışdı, bircə gözünü də qapadı. Oğlu
qaqqanaq çəkdi:
– Belə yağış olur?
– Hə, düz deyirsən. – Təkgöz Memeso başını dikəldib üzünü yağışda yuya-yuya
dilləndi. – Açığı, ömrümdə belə yağış görməmişəm. Eybi yox, Nuhun bu sehrbazlığının
da üstü açılar. Ya da yağışlar kəsəndən sonra bizim kahinlər bunun səbəbini hamıya
bəyan edər. Yəqin, vaxtında Nuhu o dünyaya göndərmədiyimiz üçün Allahlar bizə
qəzəblənib.
Birdən ətrafı cırıltı bürüdü. Gəminin nəhəng darvazası örtülürdü.
– Elemay, tələs! Gəminin qapısı bağlanır!
– Yox, ata, mən bunu edə bilmərəm. Gəl tez gedək, anamla bacımı da gətirək,
yığışaq gəmiyə.
– Səfehləmə!
– Mən Nuha deyərəm gözləsin. Sən də get, anamla bacımı gətir.
– Hə, bircə bu çatmırdı. Yağış kəsəndən sonra suyumuz süzülə-süzülə gəmidən
çıxaq. Camaat da bizə çəpik çalsın. Desinlər, Təkgöz Memeso axmağın biri imiş.
– Yox, ata, Nuh deyir ki, tufan gəmiyə pənah aparanlardan başqa, hamını məhv
edəcək. Yalnız bir olan Allaha tapınan, iman gətirib gəmiyə minənlər sağ qalacaqlar.
Gəl, biz də gəmiyə gedək.

390
   385   386   387   388   389   390   391   392   393   394   395