Page 369 - "Yeni söz"
P. 369
Mənim xalam qızı Jalə İsmayıl. Mənim xalam qızı

– Hansı yaxşıdı?
Mənə iki dodaq boyası göstərir. Çəhrayını seçirəm. Zövqümə inanmır, dodaqlarını
tünd-qırmızıya boyayır. İncimirəm. Daha böuük görünmək istəyən yaşındadır hələ.
O, mənim xalam qızıdır. Çox sevdiyim kiçik xalamın yeganə qızıdır və anasının
ərköyün balasıdır. Mənə qonaq gəlib. Bakını görmək istəyir. Rayondan gəlmək üçün öz
anası azmış kimi, mənim anamdan da icazə almalı olub. Çox qəribə uşaqdır. Hər şeyə
gülür, hər şeyə təəccüblənir və öz kobud danışıq tərziylə şirinliyinə şirinlik qatır.
İndi onu götürüb gəzməyə aparacam. Bu gün onunçün Bakıgördü günüdür. Bakının
taleyi mənim təqdimatımdan asılıdır və mən buna görə bir az narahatam. Nədənsə
özünü sevdirə-sevdirə axırıma çıxmış bu şəhəri onun da sevməsini istəyirəm. Sevməsə,
burada yaşaya bilməyəcək, sevməsə, dözə bilməyəcək Bakıya.
O, artıq hazırdır. Geyinib-kecinib, uzun saçlarını əcaib formaya salıb, özündən böyük
çantasını götürüb, dodaq boyasını çəkib. Bakı da hazırdırmı onunla görüşə? Bilmirəm.
Görəcəyik.
Əslində çox yorğunam. Gəzmək həvəsim yoxdur. Amma ona “yox” deməyə ürəyim
gəlmir. Həm də istəmirəm, Xədicə bəzəkdə qalsın. Bu məsəli ona da deyirəm. Başa
düşmür. Amma gülür. Ona görə başa düşmür ki, “Uriset uşağı”dır, təzə köçüb gəliblər,
ana dilini də son üç-dörd ayda ondan-bundan öyrənib və müəllimləri fərqli yerlərdən
olduğu üçün xalam qızı insanı heyrətə salan bir leksikona malikdir. Bu da onu lap sevimli
edir. İstənilən an adamı güldürmək kimi fitri istedadı var. Hər halda, “mən heç vaxt ərə
çıxmayacam” deyən 17 yaşlı qıza ancaq gülmək olar. Möhtəşəm tərcümə, hələ bu “heç
vaxt” iddiası. Qısası, adam onunla darıxmır. Əsas olan da budur.
Amma mən, doğrudan, gəzmək həvəsində deyiləm. Bakı çoxdan mənimçün yenilik
deyil. Yorub o məni. Daha harası qaldı ki, görmədiyimiz? Hansı üzü qaldı? Amma
qaçacaq yerimiz, yaşamağa başqa bir şəhərimiz yoxdur.
Xalaqızı ayaqqabı seçiminə başladığı anda mən düşünürəm, sonrakı 4-5 saat
ərzində nələrin baş verəcəyini əzbər bilirəm...
...Biz evdən çıxıb metroya tərəf gedəcəyik. Ötüb-keçən oğlanların məndən iki boy
hündür gənc gözəl qıza daha çox diqqət yetirmələrinə gülümsəyəcəm. Əslində məni
gülümsədən onun, baxmasa belə, bu baxışları görməsi və yanaqlarının allanması
olacaq. O da “nolub ki??” yağan gözlərilə tez-tez üzümə baxacaq. Mənsə “heç nə”
mənasında başımı bulayacam. Beləcə yolumuza davam edəcəyik.

369
   364   365   366   367   368   369   370   371   372   373   374