Page 370 - "Yeni söz"
P. 370
nc yazarların ədəbiyyat almanaxı

Metronun “Elmlər akademiyası” stansiyasından çıxıb piyada Şəhidlər xiyabanına
gedəcəyik. Gördüyümüz hər şeyi ona göstərəcəm. “Bu, akademiyanın binasıdı, bu da
bağ, Yeni ildə burada yolka da qururlar... Yolun o biri tərəfi Hüseyn Cavid parkıdı...
Hüseyn Cavidi tanıyırsan?” “Dəlisən? Mən nə bilim, Hüseyn Cavid kimdi?” təbəssümü
ilə üzümə baxacaq. Başımı bulayıb həvəslə Hüseyn Caviddən danışacam ona. “Bura
Politexnik”. “Tələbələr hanı bə?” – soruşacaq, “Bu gün altıncı gündü, dərs yoxdu” –
deyəcəm. Onun Bakıda mütləq bir dəstə tələbə görmək istədiyini bilirəm. Onun üçün
tələbələr xüsusi kateqoriyaya aid adamlardır. O, necə də tələbə olmaq istəyir!

“Bura Milli Təhlükəsizlik Nazirliyidi”. O, başa düşməyəcək, bu nə deməkdi. Rusca
deyəcəm. “Aaa” deyəcək, sonra da soruşacaq ki, polislər burda oturur? “Yox –
deyəcəm, polislər oturan yer başqadı, başqa yerdədi...”

Milli Məclisin qarşısından keçəndə tanıyacaq. “Deputatlar burda oturur, içini
görmüşəm televizorda, qəşəng yerdi” – deyəcək. Yolu keçib Şəhidlər xiyabanına
qalxacağıq. 20 Yanvardan danışacam ona. Diqqətlə qulaq asacaq. Qarabağ şəhidlərinin
qəbirüstü yazılarını oxuya-oxuya lap yuxarı qalxacağıq. 20 Yanvar şəhidlərinin hər birinin
qəbri qarşısında ayaq saxlayacaq. Diqqətlə şəkillərinə baxacaq. “Cavandı e, çoxu...”
deyəcək... Sonra da soruşacaq: “ordakı ruslar öldürüb bunları?” “Ordakı”, yəni onun
ordakı qonşuları. “Yox” – deyəcəm, “başqa ruslar, əsgərlər...” İstəməyəcəm ki, keçmiş
qonşularına nifrət eləsin. Xiyabanda çox təsirləndiyini görüb onu aşağı düşürməyə
çalışacam. Amma o, əbədi məşəlin yanında bir az oturmaq istəyəcək. Bayılı göstərəcəm
xalam qızına. Gülümsəyib: “kəndə oxşayır” deyəcək. Xəzərə baxacaq, ciyərlərini küləklə
doldura-doldura. Gəmiləri saymağa başlayacaq. Nəyə görəsə Xəzəri ilk dəfə görən hər
bir adamın ürəyindən onun qucağına aldığı gəmilərin sayını bilmək keçir. Xəzər də sağ
olsun, üzümü qara eləməyəcək, çox gözəl görünəcək. Sonra yavaş-yavaş aşağı düşüb
sola dönəcəyik. Dağüstü parkın böyük meydançasına çıxacağıq. Heyranlıqla Bakıya
baxmağa başlayacaq! “Çox qəşəngdi yee!!” deyəcək. Bu heyranlıq qarşısında davam
gətirə bilməyəcəm, təsdiqləyəcəm dediklərini. Ona mənim ilk gördüyümdən bəri
Bakının çox dəyişməsindən danışmayacam. Qoy belə bilsin, belə tanısın, “daha yaxşısını
görə bilərmişəm” təəssüfü keçməsin ürəyindən.

Çoxlu-çoxlu şəkillər çəkəcək. İstəyəcək ki, onun da şəklini çəkim. Obyektiv
qarşısında necə ədayla durmağına gülümsəyəcəm mən də. Bakı küləyi saçlarını
qarışdıracaq. Guya hirslənəcək küləyə. Amma bundan xoşallandığını dəqiq biləcəm.
Qızların hamısı Bakı küləyini sirli-sehrli sevgililəri bilərlər – toxunuşu həmişə xoşdur.
Uzun pilləkənlərlə bulvara düşəcəyik. Bulvarın günortası necə olmalıdırsa, elə olacaq –
səssiz.

370
   365   366   367   368   369   370   371   372   373   374   375