Page 231 - pryaxin
P. 231
Xəzər yuxuları

yağdan istifadә edirlәr. Bәlkә dә, tüstüsüz iri şamlar yandırmışdılar.
Göyәrtәdәn hәzin musiqi sәslәri gәlirdi, öküz dәrisindәn düzәldilmiş
barabanın nәbz kimi vuran gumbultuları eşidilirdi. Yelkәnlәrin
arxasında güclә sezilәn yarımşәffaf qadın siluetlәri gözә dәyirdi:
yәqin, xarici turistlәr idi. Nәyi bacarmasaq da, artıq buna
öyrәşmişik, tәki pul versinlәr, dәridәn-qabıqdan çıxıb, bütün
istәklәrini yerinә yetirәcәyik. Әsl üzәn karnaval, avroasiya
kabaresi vә ya fahişәxanası da yanında – qonaqlar әziyyәt çәkib
uzağa getmәli olmasınlar deyә. Amma karnavalın rәngi çox
qәribәdir: yaxtanın özü qapqaradır, sanki tabut taxtalarından
düzәldilib. Gәmi illüminatoruna bәnzәmәyәn dördbucaqlı
pәncәrәlәrin işığı hәdsiz dәrәcәdә solğundur, sanki qaz dumanı
ilә örtülüb. Gәmi üzәn qaz kamerasını xatırladır. Sarı rәngә çalan
yelkәnlәr bu gәmi tipi üçün çox hündür vә enlidir. Aydın mәsәlәdir,
yelkәnlәr heç nәyә yaramır, onları daha çox fors atmaq, mәzәlәnmәk
üçün taxıblar. Gәminin yan taxtaları, hәqiqәtәn dә, qara tabut
rәngindәdir, qabarıq ön hissәsinin üstünә isә kәnardan baxanda
lәkә kimi görsәnәn qara ipәk parça çәkiblәr.

Sergeyә elә gәldi ki, Nәcibin sifәti dәyişilib, dodaqlarını bir-
birinә sıxıb, bu gәmini ötüb-geçmәyә çalışır. Gözlәnilmәdәn
qarşılaşdıqları bu qәribә mәnzәrәni arxada qoymaq istәyәn Nәcib
katerin sürәtini artırdı. Arxaya boylanıb yelkәnin üzәrindәki
rәsmi yaxşı-yaxşı gözdәn keçirmәk istәyәn Sergey az qala
boynunu sındıracaqdı.

Hörümçәk! Qaraqurd! Qaradaban! – Sergey onu uşaqlıqdan
tanıyırdı. Anası hәmişә bәrk-bәrk tapşırırdı ki, qaraqurda rast
gәlmәk istәmirsә, yantayın künc-bucağında, nazik ip dәstinin
yan-yörәsindә gördüyü şübhәli böcәklәrә, hörümçәklәrә әl
vurmasın. Bir dәfә bürkülü yay günlәrindәn birindә anası
qaraqurdun özünü dә göstәrdi. Zәhәrli hörümçәk qurumuş
tәzәklәrin üstündәydi. Qaraqurdun bel hissәsi qapqaraydı, bu
qara lәkәnin altından sanki punktirlә işarәlәnmiş xaç işarәsi gözә
dәyirdi. Çibana oxşayan irilәnmiş qarnı (ola bilsin, artıq cütlәşmişdi)
xәstә göz almasının qişası kimi sarı rәngdәydi. Sergey özündәn
xәbәrsiz qurda toxunmasın deyә anası bu qaraqumlu qonağı

231
   226   227   228   229   230   231   232   233   234   235   236