Page 310 - "Yeni söz"
P. 310
nc yazarların ədəbiyyat almanaxı

Sübhün gözü açılmamış onların qapısında durub yuxudan nə zaman oyanacaqlarını
gözləyirdim. İşə başlayandan iki saat keçməmiş, demək olar, iki ağacı yığıb
qurtarmışdım. İndi də ağacın dibinə tökülənləri yığırdım. Birdən it səsi eşitdim, arxaya
çöndüm, yalan olmasın, məndən iki dəfə böyük itdi, hürə-hürə gəlirdi. İlk dəfə alman
itini onda görmüşdüm. Özümü itirməyib cəld ağaca dırmaşdım. İt isə pəncələrini
qaldırıb ağaca söykəmiş, üzüyuxarı dayanmadan hürür, dişlərini qıcayıb mırıldayırdı.
Ürəyim ilk dəfəydi ağzımda döyünürdü. Elə bilirdim ki, it bu dəqiqə ağaca dırmaşacaq,
məni diri-diri udacaq. Gözlərindən də görünürdü ki, hər an məni parçalamağa hazırdı.
Elə bildim, əsir uşaqlarımızın ətinin yedirdildiyi erməni itidir, yoxsa öz itlərimiz mənə
belə düşməncə baxmazdılar. Bilmirəm, ya mən əsirdim, ya külək, ya da ağac. Elə bil
əlim boşalacaq, bu dəqiqə yerə düşəcəkdim. Hardansa gülüş səsi gəldi. Mədəd dayının
cəngavər oğlanlarıydı. Mənim necə qorxduğumdan həzz alıb qıraqdan gülürdülər.

– Cek, vzyat evo, – böyük oğlan qışqırır, yenə gülürdü. İt isə bu sözdən sonra daha
da qəzəblə üzü ağaca hürürdü. Qəfildən nə oldu, olmadı, bilmədim, o gülüşlər içimdəki
bütün qorxunu üfürüb apardı və boş qalmış yerinə qatı, qanqırmızı bir nifrət doldu.
Xatırlayıram ki, ilk dəfə onda ürəkdən nifrət eləmişdim atama. Axı övladını burda ölümə
atıb necə gedib orda vətənini qoruya bilir? – düşünmüşdüm uşaq ağlımla. Həmin an
atamın insanlıq, vətən, mərhəmətlə bağlı dediyi bütün sözlər kağız qayıqlar kimi beyni-
min qanqırmızı nifrət gölündə batmışdı.

Bir də onu hiss etdim ki, bu qurdağız azman itlə üz-üzə, burun-buruna dayanıb
meydan oxuyuram. Ürəyimdən bircə şey keçirdi: qoy bu vəhşi məni tikə-tikə parçalasın,
bu da atama dərs olsun, ondan sonra qayıdıb gəlsin! İtin gözlərinə necə baxdığım
yadımda deyil, ancaq onu bilirəm ki, bayaqdan ağacı gəmirən, hürməkdən az qala
cəhəngləri cırılan it sakitcə üzümə baxıb ləhləyirdi, sanki kimin oğlu olduğumu
gözümdən oxumuşdu, indi üzr istəyirdi məndən. Yığdığım meyvələri təpiklə vurub
aşırtdım, məni lal-dinməz gözləriylə yola salan itə sürtünə-sürtünə keçib, pulumu da
almadan yola düzəldim...

– Vaqif, ay Vaqif… – Mədəd dayının səsiydi. – İt oğlu itə bax e, hələ.
Bilmədim, Mədəd dayı bunu mənə deyirdi, itinə, yoxsa oğlanlarına…

***
Dostum mənə çatanda biz bağın ortasında itlə üzbəüz dayanıb bir-birimizə baxırdıq.
– Qardaş, səs kəsildi, dəli oldum. Dedim, indi parçalıyıb səni. Kim bunu açıb, axı.
Zəncirdə saxlayıram. Buna bax e, zəncirini qırıb, it oğlu it!

310
   305   306   307   308   309   310   311   312   313   314   315