Page 289 - "Yeni söz"
P. 289
əndə atam darıxır, şahmat taxtasının qabağında oturub həm özünün, həm də Ayxan Ayvaz. Monoton
Datikonun yerinə gedişlər edirdi. Datiko bizə gəlməyəndə hiss eləyirdim ki, evimiz
boşalıb, boz-bulanlıq olub. Səhər qapımızı döyəndə atamın gülləri tabaqda oynayırdı.
Sakit keçən günümüzə qəfil gələn şux gülüşü, çığıra-çığıra danışmağı bizi də sevindirirdi.
İndi Datikonun üzünə baxa bilmirdim. Qardaşımın gecələr tez-tez baxdığı qorxulu
filmlərdəki adamların sifətini görəcəyimdən üşənirdim. O filmlərdə çığırtı, cığ-vığ əskik
deyildi. Mənə elə gəldi ki, indi də o vahiməli səsləri eşitdim. Çönüb anama baxdım,
qəfil sükutun içinə ildırım kimi düşən bir hönkürtü qopdu. Anam dizlərini çırpa-çırpa
dil deyirdi: “Sənin yerinə mən öləydim kaş. Evi başsız qoyub hara gedirsən? Balalarını
kimə tapşıracaqsan? Ay Allah... Ay Allah...”

Gürcülər yavaşca başlarını qaldırıb anama baxdılar. Sonra divandakı ölü yada düşdü.
İçəriyə uğultu doldu, adamlar nəsə anlaşılmaz sözlər deməyə başladılar. Qarşımdakı
insanlar, içəridəki əşyalar yabancı bir qadının hönkürtüsüylə öz rəngini almışdı. Datiko
günahsız, məsum bir körpə kimi divanda tərpənməz durmuşdu. Gözləri yumulmuş,
bədəni başdan-ayağa sükuta bürünmüşdü. Yalnız yanaqlarına hardasa unutduğu bir
gülməli hadisənin təsirindən təbəssüm qonmuşdu. Sifəti qorxulu filmlərdəkinə
bənzəmirdi. Ona baxanda öz-özümə düşündüm: deyəsən, Datiko elə belə də yuxuya
gedir...

II
Bizi kəndə çağırmışdılar. Nənəm yorğan-döşəyə düşmüş, son dəfə qardaşımı
görmək istəmişdi. Yığışıb kəndə yollandıq. Köhnə, büzüşmüş evimizin həyətini adamlar
doldurmuşdu. Bibim ağlaya-ağlaya tünlükdən çıxdı, dizlərini çırpa-çırpa: “Nənəniz öldü”
dedi. Atam sakit, ağır addımlarla, camaatı yara-yara içəriyə keçdi. Anam, ardınca da
biz evə doluşduq. Ağlaşma, adamların göz yaşına bulaşmış sifətləri, pəncərədə görünən
soyuq, qarlı-tarlı hava...
Nənəm divanda yox kimi uzanmışdı. Onun çarəsiz, solğun üzünü görəndə anam
dəli kimi bağırdı, iki əliylə başına döydü. Bizi tez çölə çıxartdılar. Sazaq üzümüzə
dəyəndə bir-birimizə sığınıb səssizcə ağlaşdıq. Atam gəlib bizi qucaqladı, damağındakı
siqaretin tüstüsü soyuq havanın üzünə toxundu. O, çox sakit, rahat görünürdü. Mənə
elə gəldi ki, atamın gözlərində nənəmin divandakı ölü görüntüsü yoxa çıxıb. Yas yeri
tünlük idi. Biz nə edəcəyimizi bilmirdik, çox balacaydıq. Adamların çoxluğu məni
şaşırtmışdı. Atamın böyür-başında durmuş adamların səsi, küləyin uğultusu, arvadların
dil deyib ağlaması... hər şey bir-birinin içindəydi. Yadımda qalan yalnız atamın
susqunluğuydu.

289
   284   285   286   287   288   289   290   291   292   293   294