Page 213 - "Yeni söz"
P. 213
Nərmin Dadaşova. Şeirlər
Yenə dünyanın sonu haqda xəbərlər dolaşır
daşqınlar, sellər, zəlzələlər...
yenə səhərlər açılır
anamın telefon zəngiylə
yorğun səsiylə
“səhər açıldı, günəş çıxdı, dur” müjdəsiylə
yenə qırmızı sabundan
ağ köpüklər çıxır…
bir qurtum qaynar çay
dəyişir bir andaca əhvalımı
yandıra-yandıra, cıza-cıza,
ağrıda-ağrıda canımı.
Nitsşenin şəklini asmışam otağımda
mənə bir hadisəni xatırladır bığları
gülməlidi…
bəlkə də, elə bundadı
filosof ola bilmənin sirri
nədənsə, tanıdığım bütün filosoflar
bığlı kişilərdi.
mən çox şey bilirəm.
əminəm ki, bığlı olsaydım,
həm də kişi olsaydım
mütləq filosof olacaqdım
amma nəyimə lazım?
nə necə yarandı, yoxdan var olan nə,
vardan yox olan kim?
bu deyil əsas məsələ
əsas olan qırmızı sabundan ağ köpüklərin
çıxması da deyil
bilmirəm, nədi əsas olan…
bütün “bilmirəmlər” isə, bütün heçlərisə
bütün var olmayanlarısa
yenə o bığlı kişilər bilər, mənə nə?!...

213
   208   209   210   211   212   213   214   215   216   217   218