Page 209 - "Yeni söz"
P. 209
Nərmin Dadaşova. Şeirlər
suda boğulan adamın
saman çöpündən yapışdığını gördünmü heç?
mən yıxılan adamın havadan yapışdığını gördüm
evimizin dam örtüyünü vuran usta
bizim evimizi tikərkən, öz evini yıxmışdı,
yıxılmışdı və ölmüşdü...
onda ilk dəfə uçan adam görmüşdüm
həm də ölən adam...
gözlərini yummadan ölmüşdü, Şəhriyar, yummadan...
bütün ölən adamlar, yəni dönməmək üzərə gedən adamlar
samandan ağır olanlar, havasız qalanlar,
bıçağa tuş gələnlər
yananlar, itənlər, qəzaya düşənlər
mənə evimizin damından yıxılan adamı xatırladır, Şəhriyar...
lütfən, qov onları yuxularımdan
həmin evdə illərlə bayramları qutladıq,
doğum günlərimizi qeyd etdik
o damından adam yıxılıb ölən evdə böyüdüm mən
lütfən, qov uşaqlığımı gözümün önündən, Şəhriyar...

***
eyni şəhərdə iki ayrı hücrədə yaşamaq
əslində yaşaya bilməmək,
səni sevən o qadını,
Eliziyanı xatırladır mənə tez-tez…
unuda bildimi, görən, payız üzünü
unutdumu şabalıd qonuru gözünü?
…əllərini…
bilirmi, görən, burda, bu buzxanada
səni necə qaynar sevdiyimi?

209
   204   205   206   207   208   209   210   211   212   213   214