Page 83 - "Yeni söz"
P. 83
Elnaz Eyvaz. Şeirlər
Tamdan hissə-hissəyəm,
hissə-hissəyəm, Adam.
Bir az sevincəm, sevinc,
bir az qüssəyəm, Adam.

Harda, nə vaxt bilmirəm
bölündüm para-para.
Uzun-uzun yol gəldim,
haralardan gör hara.

Yarı mənəm, bildiyin,
yarı Sənəm, yarı Sən.
Bütünə gücüm çatmır,
kömək elə barı sən.

Nəyim varsa, toplayıb
gəlmişəm üzü Sənə .
Ruhumu duymayanın
qurbandır yüzü Sənə...

***
Niyə axı bu Adamı
mən bu qədər sevdim, niyə?!
Bu qədər sevilmək olmaz,
Adam da salıb tərsliyə.

Əllərində ovuc-ovuc
açılmaq var, bükülmək var.
Yaxasına ilgək-ilgək,
düymələnib tikilmək var.

83
   78   79   80   81   82   83   84   85   86   87   88