Page 149 - "Yeni söz"
P. 149
Hədiyyə Şəfaqət. Şeirlər
...Bir də o ev vardı, dostum,
Bir də o ev...
Yaydı...
Günəş göy üzünü qarsımışdı
Biçilmiş zəminin,
Sapsarı kövşənlərin ortasında
Qaralırdı o evin məzarı...
Yaralı əllərini Allaha uzadıb durmuşdu
Yanğından qaralmış divarları...
Nə qapısı
Nə pəncərəsi
Nə damı...
Mənə nağıl edilən qarı kimiydi o ev...
Kədərinə çəkirdi adamı...
...Bir də o ev vardı, dostum,
Bir də o ev...
Kandarınacan gəlib çıxmışdı zəmi
Bərəkət...
Bərəkət...
Bərəkət...
Bütün kəndi şumlayıb buğda əkmişdilər
Təkcə o,
O qarı evinin içində yanmağı seçmişdi
Dağıdılmağı seçmişdi...
Şumlanmağı seçmişdi və
Ondan da
Evindən də əl çəkmişdilər...
Bir də
Meyiti çıxmışdı ordan...
37-də güllələnən
Ərinin və oğlanlarının ruhuyla isitmişdi divarlarını
Uzun illər boyunca

149
   144   145   146   147   148   149   150   151   152   153   154