Page 295 - 2-ci cild
P. 295
Vitold Qombrovi÷

Şahzadə. Cənab, siz məni lap ürəkdən heyrətləndirdiniz. Bu
qəfil iş kifayət qədər ciddi xarakter aldı. Bilmirəm, bu, sizə
tanışdırmı – gülüşdən ciddiyyətə qəfil keçidi nəzərdə tuturam.
Burada hətta nəsə dini mahiyyət də var. Hansısa bir paklaşma.
Əminəm ki, bu daşlaşmış “məhəbbət kordur” sözlərini gərək
məbədlərin sütunlarından asalar.

İnnokenti. Mən olsa-olsa adi bir insanam.
Şahzadə. Bağışla məni, İvonna. Tanrıya şükürlər olsun ki,
demək, səninlə də mümkündür, hər halda, mümkündür… Belə
çıxır ki, mümkündür… Və elə bir insan var ki, səni… Necə bir
yüngüllük! Mən axı bütün bunları sənə dözə bilmədiyimə görə
düzüb-qoşdum. Əgər ciddi desəm, hətta sənin barəndə adi bir
fikir də dözülməz idi… Nə olar, bağışla. Yolunuz açıq olsun.
Məni tək buraxın.
Kirill (İvonnanın başını aşağı saldığını görərək). Ağlayır…
Şahzadə. Ağlayır? Sevincdəndir.
Kirill. Mən bu ağlağana o qədər də etibar etməzdim. O,
yalnız dərddən ağlaya bilər. Siz onu sevirsiniz?
İvonna (susur).
Kirill. Bu sükut etiraz əlamətidir.
Şahzadə. Ah! Fikir eləməyin! Əgər səni sevən bir insan
tapılıbsa, bu, artıq işin yarısı deməkdir. (İnnokentiyə.) Siz qətiyyətli
adamsınız, əsl kişisiniz. Ona vurulmaq çox gözəl hərəkətdir! Siz
bütün dünyanı fəlakətdən xilas etdiniz. Sizə böyük hörmət və
ehtiram göstərmək bizim borcumuzdur!
İnnokenti. Ləyaqətim məni vadar edir deyəm ki, o da məni
sevir, amma belə görünür, o, bunu sizin qarşınızda etiraf etməyə
utanır. Şahzadə, axı mənə məhəbbət bəsləməsi heç də ona şərəf
gətirmir. (İvonnaya.) Niyə özünü belə aparırsan, sən ki özün mə-
ni sevdiyini neçə dəfə üzümə demisən.
İvonna (susur).
İnnokenti (əsəbi halda). Yaxşı, yaxşı, çox oyan-buyan eləmə.
Lap açığına qalsa, sən məni, elə mən səni cəlb eləyən qədər
özünə cəlb eləyirsən, bəlkə, bundan da az.
Şahzadə. Siz eşidirsiniz?

295
   290   291   292   293   294   295   296   297   298   299   300