Page 23 - 1-ci cild
P. 23
Jan Batist Molyer

gördüyümüz o qız necə, xoşuna gəldi? Çox soyuq cavab verdi ki,
pis deyil… Onun eləcə soyuqluğu mənə pis təsir elədi, ürəyimi
açmadım, demədim ki, qızın gözəlliyi məni dəli eləyib!

Silvestr (Oktava). Bir az qısa eləmək olmazmı, cənab, yoxsa
sabaha qədər bu söhbəti qurtarmayacağıq! İcazə verin, mən iki
kəlməylə qalanını danışım. (Skapenə.) O vaxtdan da cənab Oktav
bir könüldən min könülə aşiq olub! Qızın dərdini azaltmaq istəyir,
amma öz həyatı da əzab-əziyyətə dönüb. Cənab Oktav tez-tez
onlara baş çəkmək istəyərdi, amma o qulluqçu ki var, qoymurdu.
Arvad öləndən sonra evdə qulluqçu böyüklük eləyirdi. Cənab
Oktav da az qalmışdı dəli olsun, and verirdi, yalvarırdı, amma bir
şey çıxmırdı, qulluqçu deyirdi ki, həmin qızın valideynləri guya
əsilzadə adamlardı, düzdü, kasıbdı, yalqızdı, amma cənab Oktavın
evlənmək fikri yoxdusa, özünə nahaq əziyyət verməsin. Bundan
sonra cənab Oktavın ehtirası lap cuşa gəldi. O qədər fikirləşirdi
ki, az qalırdı, beyni çatlasın!.. Çox götür-qoy elədi, o tərəfini
fikirləşdi, bu tərəfini fikirləşdi, axırda da qərar qəbul elədi!
Əlqərəz, cənab Oktav indi üç gündür, evlidir!

Skapen. Başa düşmürəm…
Silvestr. Bunun üstünə onu da gəl ki, atası səfərdən qayıdır!..
Əslində, iki aydan sonra gəlməliydi… O tərəfdən də əmisi bu
evlənmək əhvalatından xəbər tutub… Bu tərəfdən Oktavı cənab
Jerontun ikinci arvadından – deyirlər ki, tarentlidir – olan qızına
evləndirmək istəyirlər… Bax belədi vəziyyət!..
Oktav. Hələ onu da üstə gəl ki, arvadım kasıbın biridi.
Mənim də ona kömək eləməyə heç bir imkanım yoxdu!
Skapen. Vəssalam? Belə boş şeylərdən ötrü, nə olub, ikiniz
də özünüzü itirmisiz? Gör e bir! Ayıb deyil sənə, Silvestr? Belə
bir xırda işin öhdəsindən gələ bilmirsən? Lap balqabaqsan ha!..
O boyda kişisən, başını işlədə bilmirsən, bir şey fikirləşib
tapmırsan, bir kələk işlətmirsən ki, vəziyyəti qaydasına qoyasan.
Vay, belə də axmaq adam olar?! Mənim başıma belə iş gəlsəydi,
vallah, bizim o qocaları barmağıma dolayardım! Vaxt varıydı,
uşağıydım, bir tikə boyum varıydı, amma elə işlərdən çıxırdım ki,
gəl görəsən!..

23
   18   19   20   21   22   23   24   25   26   27   28