Page 109 - 1-ci cild
P. 109
Jan Batist Molyer

Jorj Danden. Qətiyyən!
Ancelika. And verirəm sizə!
Jorj Danden. Yox, yox, yox! Qoy sizin kim olduğunuzu
hamı görsün! Mən sizi hamının qarşısında biabır etmək istəyirəm!
Ancelika. Bax xəbərdarlıq eləyirəm sizə, məni elə bir
vəziyyətə gətirib çıxarırsız ki, onda qadın hər şeyə qadirdir. Bu
saat özümə nəsə edəcəyəm!.. Siz ayılanda gec olacaq.
Jorj Danden. Nəsə edəcəksiz? Nə edəcəksiz, əgər gizli
deyilsə?
Ancelika. Mən indi elə bir vəziyyətdəyəm ki, nə desəz,
eləyəcəm! Bax bu xəncəri görürsüz, bununla özümü öldürə-rəm.
Jorj Danden. Hah-ha!.. Sizə uğurlar arzulayıram!
Ancelika. Ancaq sizinçün bu, o qədər də uğurlu olmayacaq.
Hamı bilir ki, biz dalaşırıq, bilir ki, siz çoxdan dişinizi qıcatmısız
mənə. Əgər məni burda ölmüş tapsalar, heç kimin şübhəsi
qalmayacaq ki, bunu siz eləmisiz, siz öldürmüsüz məni.
Valideynlərim də, əlbəttə, bu işi belə qoymayacaq, bütün
qəzəblərini sizin üstünüzə töküb başınıza bir oyun açacaqlar ki,
gəl görəsən! Bax onda mən də sizinlə əvəz-əvəz olacağam! Mənə
qədər çox qadın bu cür intiqam alıb! Özlərini öldürüblər ki,
onlarla qəddar rəftar eləyənləri də məhv etsinlər!
Jorj Danden. Qoyun görək!.. İndi heç kim özünü öldürmür,
bu dəb çoxdan keçib!
Ancelika. Əmin ola bilərsiz ki, mən bunu eləyəcəyəm! Əgər
siz mənim yalvarışlarıma qulaq asmasaz, qapını açmasaz, and
içirəm, bu dəqiqə sizə göstərəcəyəm ki, belə bir vəziyyətə gətirib
çıxardığınız qadın nəyə qadirdir!
Jorj Danden. Boş şeydi! Tamam boş şeydi! Siz məni
qorxutmaq istəyirsiz!
Ancelika. Nə etmək olar?.. Əgər belədisə, baxın, görün mən
zarafat edirdim, yoxsa yox? (Guya özünü öldürmək istəyir.)Ah!
Bitdi artıq hər şey! Allahın altında qoy mənim intiqamım alınsın!
Qoy o qəddar günahkar mən istədiyim kimi cəzasına yetsin! Ah,
öldüm…

109
   104   105   106   107   108   109   110   111   112   113   114