Page 73 - 1-ci cild
P. 73
Jan Batist Molyer

Jorj Danden. Saray əhlindən olan o cavan oğlan deyil ki,
üzbəüzdəki…

Lyuben. Özüdür ki var! Bax o ağaclığın yanında olur.
Jorj Danden (kənara). Deyirəm axı, o sığallı şorgöz niyə
köçüb gəlib evimin qabağına! Bu qonşuluq lap əvvəldən məni
şübhələndirmişdi. Belə şeylər mənim gözümdən yayınmaz…
Lyuben. Qara gora girim ki, o cür təmiz adamı günün
günortaçağı çıraqla da axtarıb tapmaq olmaz. Mənə üçcə dənə
qızıl verdi! Nədi, nədi, gedib o xanıma deyim ki, ona aşiq olub,
özüylə də görüşmək eşqindədi. Guya bu, elə böyük zəhmətdi ki,
bu qədər pul verəsən!.. Özüm işimə görə cəmi on su alıram.
Jorj Danden. Bəs nə oldu? Cənabın tapşırığını yerinə
yetirdiz?
Lyuben. Əlbəttə. Məni Klodina adında birisi qarşıladı, o saat
da başa düşdü ki, nə lazımdı, tez məni xanımıyla görüşdürdü.
Jorj Danden (kənara). Ay alçaq qulluqçu!..
Lyuben. Lənət şeytana, amma bu Klodina da əntiqə şeydi a!
O saat dostlaşdıq onunla, indi bircə məsələ qalır ki, istəsin, olaq
ər-arvad!
Jorj Danden. Yaxşı, bəs xanım o əhli-saraya nə cavab verdi?
Lyuben. Xanım dedi ki… Dayan görüm, hamısı yadımda
qalıb bəyəm, nə dedi?.. Tapşırdı deyim ki, senyorun məhəbbətinə
görə çox minnətdardı, amma onun əri axmağın biridi, ehtiyatlı
olmaq lazımdı, hissləri gizlətmək lazımdı, dedi, senyor gərək
fikirləşib gizlində təkbətək görüşmək üçün tədbir görsün.
Jorj Danden (kənara). Ay yaramaz!..
Lyuben. Vallah, aləmdi! Ərinin heç ağlına da gəlmir axı bu
işlər! Uzun haqq-hesabdı! Bu qısqanc oğlu qısqancın heç
dünyadan xəbəri olmayacaq, düzdü?
Jorj Danden. Yüz faiz!
Lyuben. Yaxşı, xudahafiz! Amma and verirəm sizə, dilinizi
dinc qoyun. Yoxsa əri eşidib-eləyər!..
Jorj Danden. Yaxşı, yaxşı!
Lyuben. Vəssalam! Mənlik daha bir şey yoxdu. Bicin
biriyəm, heç kim məndən şübhələnməz. (Gedir.)

73
   68   69   70   71   72   73   74   75   76   77   78