Page 51 - "Yeni söz"
P. 51
ümü misramdan asıb böyüdüm... Anar Amin. Şeirlər

...İstedad azadlıq istədi hər gün,
özümü misramdan asıb böyüdüm...
Tapdanan haqqımı görməyim deyə,
əlimlə gözümü basıb böyüdüm...

Əlimdən aldılar qalan ümidi,
gözümə yaş kimi dolan ümidi...
Bu günə, dünənə olan ümidi,
lap srağagündən kəsib böyüdüm...

Göz yaşım içimə damıb, küsmədim,
dünyadan gözümü yumub, küsmədim...
Heç kimdən, heç nəyi umub küsmədim,
küsəndə özümdən küsüb böyüdüm...

Bunlar nə dərddilər, nə sərdilər ha,
baş aça bilmirik nə sirdilər ha...
Dinsəydim, dilimi kəsərdilər ha,
dinmədim, lal olub, susub böyüdüm...

Dəydi bilmədiyim yüz, bildiyimə,
başım bəla çəkdi söz bildiyimə...
Şükür Yaradanın öz bildiyinə,
mən varlı doğuldum, kasıb böyüdüm...

51
   46   47   48   49   50   51   52   53   54   55   56