Xaqani yaradıcılığı İngiltərə ədəbiyyat portalında
22 Апреля 2024 Manshet

 

İngiltərənin populyar “Write Out Loud” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində dahi Azərbaycan şairi Xaqani Şirvaninin ingilis dilinə tərcümə edilmiş “Canım nə qədər var, mənə canan sən olarsan” qəzəlinin yayınına başlayıb.

Şairin yaradıcılığı haqqında məlumatla təqdim olunan qəzəlin ingilis dilinə tərcümə müəllifi – tanınmış ingilis tərcüməçisi Tom Bottinqdir.

Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən izlənən portal mütəmadi olaraq səhifələrində Uilyam ŞekspirAleksandr Puşkin, Fridrix Şiller, Emili Dikinson, Pablo Neruda kimi dünyaşöhrətli şairlərin yaradıcılığına yer ayırır.

 

 

https://www.writeoutloud.net/public/blogentry.php

Əfzələddin Xaqani

 (1126 – ­1199)

 

·  Dahi Azərbaycan şairi, filosof;

·  17 min beytlik lirik şeirlər divanının, “Töhfətül-İraqeyn” poemasının, bədii nəsrin maraqlı nümunələrindən sayılan 60 məktubun, yüzlərlə qəsidə, qəzəl, mədhiyyə, mərsiyə və rübainin müəllifi;

·  “Şiniyyə”, “Mədain xərabələri” qəsidələri və “Töhfətül-İraqeyn” poeması bir çox dillərə tərcümə olunub;

·  qəzəl və rübailəri ilə klassik Azərbaycan poeziya məktəbi ənənələrinin əsasını qoyub.

 

Canım nə qədər var, mənə canan sən olarsan

 

Canım nə qədər var, mənə canan sən olarsan,
Candan da əziz olsa bir insan, sən olarsan.

Sən indiyədək qəlbim üçün qəlb idin, ey yar,
Bundan sonra da canım üçün can sən olarsan.

Hər yarəm əgər olsa, onun məlhəmi sənsən,
Hər dərdim olarsa, ona dərman sən olarsan.

Könlün necə istərsə, elə ver mənə fərman,
Ömrüm nə qədər var, mənə soltan sən olarsan.

Eylərsən əgər şərhini iman ilə küfrün, —
Baş hərflə sərlövhəyi-divan sən olarsan.

Bundan belə aldatma məni küfrlə, dinlə!
Xaqaniyə həm küfr, həm iman sən olarsan.

Xaqani nədir? Gəlsən əgər, ey gözü şəhla!
Əlbəttə ki, Xaqaniyə xaqan sən olarsan.