Viktoriya Romero: “Mərkəzlə Latın Amerikası səfirliklərinin birgə layihələri davam etdirilməlidir”
18 Октября 2023 Manshet-min (33)

Meksika Birləşmiş Ştatlarının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri xanım Viktoriya Romero sentyabrın 26-da Dövlət Tərcümə Mərkəzinə təşrif buyurub. Görüş zamanı Latın Amerikası ədəbiyyatının Azərbaycanda tanıdılması ilə bağlı Mərkəzin həyata keçirdiyi tərcümə və nəşr layihələri, ölkələrarası ədəbi əlaqə və mübadilələrin genişləndirilməsi istiqamətində görüləcək işlər ətrafında fikir mübadiləsi aparılıb, Azərbaycanda Latın Amerikası ədəbiyyatına olan sevgi və marağın, Mərkəzin 90-cı illərdən başlayaraq bu istiqamətdə davamlı şəkildə həyata keçirdiyi tərcümə və nəşr layihələrinin, Qabriel Qarsia Markes, Xuan Rulfo, Karlos Fuentes, Pablo Neruda, Mario Varqas Lyosa kimi dünya çaplı şair və yazıçıların ədəbi irsinin Azərbaycan oxucusuna çatdırılmasının əhəmiyyəti vurğulanıb.

Viktoriya Romero: “Azərbaycan Dövlət Tərcümə Mərkəzi ilə sıx və səmərəli əməkdaşlıq çərçivəsində Mərkəzin Latın Amerikası ədəbiyyatı üzrə ərsəyə gətirdiyi nəşrlərin geniş təqdimatını təşkil etmək niyyətindəyik. Tədbirdə Azərbaycanda fəaliyyət göstərən Latın Amerikası ölkələrinin diplomatik nümayəndəliklərinin də iştirakı nəzərdə tutulur. Bu ədəbiyyat bayramına Latın Amerikası ölkələrini təmsil edən tanınmış şair və yazıçıların da qonaq qismində dəvət olunması ilə bağlı tərəfimizdən bütün zəruri tədbirlər görülməkdədir”.