Vaqif Bayatlı Odər yaradıcılığı Argentina ədəbiyyat portalında
4 Ноября 2024 Manşet

Argentinanın populyar “Antología poética” (“Poetik antologiya”) ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan şairi Vaqif Bayatlı Odərin ispan dilinə tərcümə olunmuş “Dünyada dərd qalmayacaq” və “Axşam tramvayında” şeirlərinin yayınına başlayıb.

Şairin şeirləri və yaradıcılığı haqqında məlumat portalın Dövlət Tərcümə Mərkəzi ilə əməkdaşlıq çərçivəsində yaradılmış “Azərbaycan müəllifləri” bölümündə təqdim olunur.

Əsərin ispan dilinə sətri tərcümə müəllifi – ispan dili mütəxəssisi Tutuxanım Yunusova, bədii tərcümə müəllifi – ispan filoloqu Raul Poggi Alexandrodur.

Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən izlənilən portal mütəmadi olaraq səhifələrində Ömər Xəyyam, Viktor Hüqo, Edqar Allan Po, Aleksandr Blok, Emili Dikinson, Boris Pasternak, Federiko Qarsia Lorka, Fridrix Şiller, Qustavo Adolfo Bekker, Xorxe Luis Borxes, Xulio Kortasar, Pablo Neruda kimi dünya ədəbiyyatı korifeylərinin yaradıcılığına yer ayırır. 

 

Vaqif Bayatlı Odər

(1948)

 

– Şair, tərcüməçi;

– müxtəlif illərdə Azərbaycan mətbu orqanlarında – “Ulduz” jurnalının şöbə müdiri, “Xəzər” jurnalının baş redaktoru kimi vəzifələrdə çalışıb;

 “Tənha ulduz altında”“Unudulacaq bütün sevdalar”, “Ölənəcən sevmək azdır”, “Ən gülməli ölü”, “Yupyumru bir eşq ilə” və “Bəy atlı şeirlər” kimi kitabların müəllifidir;

 “Mirzə Cəlil” və “Vladimir Mayakovski” mükafatları laureatıdır;

– 2019-cu ildə “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb.

 

https://www.antologiapoetica.com.ar/dos-poemas-del-poeta-de-azerbaiyan

 

Dünyada dərd qalmayacaq 

Dünyada dərd qalmayacaq,

Bütün dərdlərin çarəsi

böyüyəcək uşaqlarla.

 

Böyüyəcək, böyüyəcək...

Başımız açılacaq

dünyanın hay-küyündən,

Uşaqlar tabutları alacaq

böyüklərin çiynindən.

 

Yaz mövsümləri, payız sonları

dünyada söz qalmayacaq –

gözlərimiz danışacaq.

 

Bu dünyanın aynaları

bizi qocaltmayacaq,

bizim nə yaşımız var?!

 

Bir söz deməmiş çəkilib getməyəcək

gecənin qaranlıqları.

Çoxdan, lap çoxdan

unutduğun bir dost olacaq

uzaqlarda qaralan ağac.

 

Axşam tramvayında

Qucağında uşaq, bir qəmli ata

yuxlaya-yuxlaya bir qəm ayında

gedirdi bir axşam tramvayında.

 

Söykəyib üzünü soyuq şüşəyə

Üşüyə-üşüyə

Atanın üzünə baxırdı uşaq.

 

O yuxulu üzü görəndən sonra

O sevgili uşaq, o çiçək uşaq

heç zaman, heç yerdə ağlamayacaq.

 

Dar gündə, xoş gündə yarıyan mələk,

Ata yuxusunu qoruyan mələk

Uşağın üzündə görükdü yenə.

 

Çox-çox uzaqdakı evin-eşiyin,

həyətin, bacanın, itin-pişiyin

sədaqət mələyi, sevgi mələyi

uşağın üzündə görükdü yenə.

 

Atalar yorulub vaxtsız yatanda,

Divansız yatanda, taxtsız yatanda,

Başının üstündə ulduz, yatanda,

Qəmin uşaqları ayıq olarlar.

 

Eləcə, eləcə

bir qaya yanında, bir daş dibində

bir çiçək ayılar bir gecəyarı,

baxar göyə, görər

bu göy üzünün

yatıb qayaları, yatıb dağları.

 

O balaca çiçək

qoruyurmuştək

qaya yuxusunu, dağ yuxusunu,

yummaz gözlərini səhərə kimi.