Nigar Rəfibəylinin şeirləri Rusiya ədəbiyyat portalında
12 Сентября 2022 manshet1.1_631ee643540a1

Rusiyanın populyar “litprichal.ru” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Nigar Rəfibəylinin rus dilinə tərcümə edilmiş  “Neyləyim ”,  Sevda kimiyəm”,  Çiçəklər ” şeirlərinin yayınına başlayıb.

Şairin yaradıcılığı haqqında məlumatla təqdim olunan şeirlərin rus dilinə tərcümə müəllifləri – tanınmış Rusiya tərcüməçiləri Mark Şexter və Vladimir Portnovdur.

Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən izlənən “litprichal.ru” portalı mütəmadi olaraq səhifələrində A.Puşkin, A.Fet, S.Yesenin, A.Ahmatova, M.Svetayeva, O.Mandelştam kimi korifey şairlərin yaradıcılığını işıqlandırır.

 

Nigar Rəfibəyli

(1913–1981)

Şair, tərcüməçi;

“Dənizin səsi gəlir”“İşıqlı dünyam”“Günəşdən gənclik istədim”“Zəfər nəğməsi”“Anaların səsi” və digər kitabların müəllifidir;

EvripidƏlişir NəvaiFridrix ŞillerMixail LermontovTaras ŞevçenkoAnton ÇexovLilian Voyniç kimi dünya şöhrətli şair və yazıçıların əsərlərini Azərbaycan dilinə çevirib;

1981-ci ildə Azərbaycanın Xalq şairi fəxri adına layiq görülüb.

 

 

Neyləyim

Ala gözlüm, səndən ayrı gecələr

Bir il kimi uzun olur, neyləyim?

Bağçamızda qızılgüllər hər səhər

Tezdən açır, vaxtsız solur, neyləyim?

 

Nərgizlərin gözü yaşla dolanda,

Bənövşələr baxıb qəmgin olanda,

Qərənfilin gözü yolda qalanda

Yasəmən saçını yolur, neyləyim?

 

 

Əsən rüzgarın da yoxdur vəfası,

Düşmüşdür başına özgə sevdası.

Lalənin cırılıb qəmdən yaxası,

Saçları pərişan olur, neyləyim?

 

 

Bəlkə, tez gələsən, əlac verəsən,

Sünbülün saçını yığıb hörəsən,

Əlvan çiçəkləri özün dərəsən,

Gözləri yollarda qalır, neyləyim?

 

 Çəkir çiçəklərin gözü intizar,

Ayrılıqdan betər dünyada nə var,

Bu bahar axşamı səni bax, Nigar

Həzin-həzin yada salır, neyləyim?

 

Sevda kimiyəm

Unudulmuş da, atılmış gülü sevda kimiyəm,

Gözlərimdən çəkilən bir dəmi röya kimiyəm.

Hicr əlindən ürəyim qanə dönər şamü səhər,

Üzünün nuruna həsrət şəbi-yelda kimiyəm.

Neyləmişdim sənə mən, böylə vəfasız çıxdın,

Həsrətindən üzülən bülbüli-şeyda kimiyəm.

Hər keçən yolçudan ağlar gözüm əhval sorar,

Hər buluddan su uman bir quru səhra kimiyəm.

Sənə bel bağladım, atdın məni, ey munisi can,

İndi sənsiz yaşaram, tarixi-dünya kimiyəm.

Əhdə sadiq, gözü yollarda Nigaram sənsiz,

Bivəfa, eşqinə pərvanə Züleyxa kimiyəm.

 

Çiçəklər

Sevib oxşadığım əlvan çiçəklər,

Əlvida, ey gözəl yaz çiçəkləri…

Öpdüm gözlərimlə sizi hər səhər,

Yığdım dəstə-dəstə ağ çiçəkləri.

Bəzən məhəbbətin dili lal olur,

Təbiətdə min rəng, min əhval olur.

Çiçəklərdə incə bir xəyal olur,

Bəzəyir hüsnünü naz çiçəkləri.

Sarı nərgiz, nazlı bənövşə, reyhan,

Sizdən ayrı könlüm olur pərişan,

Siz də yad eləyin məni bircə an,

Vəsf eləsin telli saz çiçəkləri.

Əssin üstünüzdən  rüzgar ahəstə,

Yığsın sizi qızlar hey dəstə-dəstə,

Yel əssə tökülün sinəmin ustə,

Payız çiçəkləri, yaz çiçəkləri.

https://www.litprichal.ru/work/479565/
https://www.litprichal.ru/work/479564/
https://www.litprichal.ru/work/479563/