Məşhur Seretelinin kitabı ilk dəfə Azərbaycan dilində
21 Сентября 2023 Manshet

ADTM Tərcümə Agentliyi Gürcüstan Yazıçılar Evinin qrant layihəsi çərçivəsində gürcü poeziyasının klassiki, şair Akaki Seretelinin seçmə poetik nümunələrinin toplandığı “Mənim nəğmələrim” adlı şeirlər kitabını nəşr edib.

“Akaki Seretelinin özü və sözü haqqında” adlı ön sözlə açılan kitaba şairin Vətən, təbiət, həyat, ölüm, məhəbbət, eləcə də digər mövzularda qələmə aldığı “Son nəfəsdə”, “Müqəddəs Nino”, “Tərbiyəçi” poemaları, “Çal saçlar”, “Bahar”, “Sübh çağı”, “Coş, ey dəniz!”, “Arzu”, “Sirli namə”, “Yarasa”, “Xəncər” kimi şeirləri daxil edilib.

 

Akaki Seretelinin yaradıcılığı Azərbaycanın dövri mətbuatında yayımlansa da,  kitab halında yerli oxuculara ilk dəfə təqdim edilir.

Kitabın ön sözünün, poema və şeirlərin orijinaldan tərcümə müəllifi – tanınmış şair-tərcüməçi İmir Məmmədli, redaktoru Şəfiqə Şəfadır.