Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin "Açıq Kitab" elektron kitabxanası gənclərin mütaliəyə marağının artırılması məqsədi ilə Tərcümə Mərkəzinin yeni kitablarının onlayn versiyasını oxuculara təqdim etməyə davam edir.
Bu dəfə virtual kitabxanamız Tərcümə Mərkəzi ilə Kolumbiya səfirliyinin birgə layihəsi olan “Əvvəl dəniz vardı” antologiyasını oxucuların ixtiyarına buraxır.
Kitaba Kolumbiyanın müxtəlif dövrlərdə yazıb-yaratmış şairlərinin əsərləri daxil edilib. Nəşrin orijinallığı onun XVII əsrin mistik şairi Fransiska Xosefa del Kastilyo i Gevara, ispandilli romantik poeziyanın banilərindən olan Rafael Pombo, modernizm cərəyanının ilk nümayəndələrindən Xose Asunsion Silva, XX əsrin nüfuzlu söz ustası Leon Greiff, habelə Porfirio Barba Yakob, Meira Delmar, Covanni Kessepn, Fernando Çari Lara və Aurelio Arturonun klassik şeirləri ilə yanaşı, Kolumbdan öncəki dövrün poetik nümunələrini – Karib dənizi hövzəsində, Sierra Nevada de Santa Martada məskunlaşmış yerli hindu qrupu yaradıcılığını da əhatə etməsindədir.
Kolumbiya poeziyası antologiyası Azərbaycan oxucusuna ilk dəfə təqdim olunur. Kitaba daxil edilən şeirlər hər iki dildə – Azərbaycan və ispan dillərində verilib.
Orijinaldan sətri tərcümə Emin Ələsgərova, bədii tərcümə şair Əlisəmid Kürə məxsusdur.
Xatırladaq ki, bu layihəyə ötən ilin iyun ayında start verilmişdi.
Oxucular www.achiqkitab.az saytının "Tərcümə Mərkəzinin kitabları” bölməsinə daxil olmaqla kitabın mütaliəsinə başlaya bilərlər.