Dövlət Tərcümə Mərkəzi teatrşünaslıq, rejissor və aktyorluq sənətinin tədrisinə töhfə olaraq Rusiyanın görkəmli teatr rejisoru Vsevolod Meyerholdun “Seçilmiş əsərləri” kitabını nəşr edib.
Azərbaycan dilində ilk dəfə işıq üzü görən kitaba müəllifin məqalələri, məktub və gündəlikləri, nitq və qeydləri daxil edilib.
“Teatrın tarixi və texnikası haqqında”, “O.M.Meyerholda məktublardan”, “Gündəlikdən (1907–1912-ci illər)”, “Fırtına”, “Maskarad”, “Teatr qeydləri”, “Alicənab dəyyus”, “Ürpənən torpaq”, “Meşə”, “Bubus müəllim”, “Mandat”, “Müfəttiş” adlı fəsillərin toplandığı kitabda ecazkar teatr aləmi, onun görünməyən tərəfləri, pərdəarxası proseslər, rejissorluq sənətinin sirləri kimi sənət incəlikləri dərin təhlil və araşdırmalarla izah edilir.
Kitabın orijinaldan tərcümə müəllifi Zahid Sarıtorpaq, redaktoru Fərhad Abdullayevdir.
Kitab Azərbaycan Dövlət Tərcümə Mərkəzinin 2019-cu ildən əməkdaşlıq etdiyi Rusiya İnstitutunun qrant layihəsi çərçivəsində nəşr olunub.
Vsevolod Emilyeviç Meyerhold
(1874–1940)