"Açıq kitab" elektron kitabxanası Azərbaycan Dövlət Tərcümə Mərkəzinin (Az.TM) ödənişsiz mütaliə portalıdır.    

Mütaliəyə marağın artırılması məqsədi ilə yaradılan portal yüzlərlə bədii, elmi-kütləvi ədəbiyyat nümunələrinin, müxtəlif sahələrə dair lüğət və sözlüklərin elektron versiyasını istifadəçilərin ixtiyarına verir.

Portal eyni zamanda aparıcı dünya kitabxanalarına yol açmaqla yanaşı, dünya dillərinə tərcümə edilmiş Azərbaycan ədəbiyyatının, həmçinin Azərbaycan dilinə tərcümə edilmiş dünya ədəbiyyatı nümunələrinin elektron versiyalarına da yer ayırır.

Dünyanın aparıcı kitab evləri və kitabxanaları ilə əməkdaşlıq edən virtual kitabxana, onlayn mütaliə ilə yanaşı, oxuculara çoxsaylı nəşrlərin elektron formatını əldə etmək imkanı da verir.   

Kitabxananın rusdilli oxucular üçün xüsusi bölümü fəaliyyət göstərir. Hazırda portalın ingilis, alman, türk, ərəb, ispan, fars və fransız dili versiyaları üzərində iş gedir.          

Virtual kitabxanamıza daxil olanlar Tərcümə Mərkəzinin yeni nəşrləri ilə yanaşı, "Xəzər" dünya ədəbiyyatı jurnalının, eləcə də "Aydınyol.az" ədəbiyyat saytından istifadə imkanı da əldə edirlər.