Ulucay Akif
1995-ci ildə Bakıda anadan olub;
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin məzunudur;
2021-ci ildən “Kulis.az” ədəbiyyat və mədəniyyət portalının baş redaktorudur;
“Günəşə atılan mərmilər” və “Gizlənqaç” şeirlər kitabının müəllifidir.
kölgə
bu qədər savaş və qanın
ölümlər və yalanın içində
əlimin tərsiylə itələyib bu yumru dünyanı
masamın üstündən
şeir yazmaq istəyirəm sənə
şeir yazmaq - bacardığım ən gözəl biçimdə
şeir yazmaq istəyirəm sənə
üçüncü minilliyin iyirminci ilində
şeir yazmaq -
Adəmin Həvva ilə danışması kimi -
insanoğlunun birinci dilində
ey sən
bütün uzaqları özünə məskən bilən!
hansı şəhərin yollarını xoşbəxt edir indi ayaq izlərin?
gündüzlər hansı küçələrdə rəqs edir kölgən
gecələr hansı otaqlarda gizlənir?
ey sən
bütün uzaqları özünə məskən bilən!
mən tanıyıram sən yaşayan küçəni də
şəhəri də, ölkəni də
tanıyıram səni isidən Günəşi də
səni üşüdən küləyi də
tanıyıram səmanda uçan quşları
tanıyıram bütün səndə unudulmuşları
demirəm ki, o Günəşi, quşları
o küləyi, o küçəni, şəhəri
demirəm ki, mənə ölkəni göndər
heç olmasa, heç olmasa hərdən bir
heç olmasa, heç olmasa gecələr
heç olmasa mənə kölgəni göndər
sual
bu sehrli gecələr, bu bəyaz gecələr
bizə öyrədir ki, Günəş batmır
biz ondan üz döndəririk
bir qutu siqaret
bir şüşə çaxır və mən
Nevanın sahilindən
sənə salam göndəririk
ya Rəbb
sevdiyim bütün adamlarda
Səni axtardım
bəs Sən məni
kimdə axtaracaqsan?!
sevgi marşı
indi əllərimiz qana bata-bata
ölkələrin arasından tikanlı məftilləri
evlərin arasından hasarları sökməliyik
indi dünyanı daha gözəl etməliyik
doyunca içməliyik dostlarımızla
soyuq qış gecələrində isti çaxırı
doğru adamlarla sevişməliyik
isti yay gecələrində hər günün axırı
günəş uşaqlığımızdakı rənginə qayıtmalı
dənizlər həmişəkindən daha mavi olmalı
silahımızdakı son güllələri də
dostumuzun toyunda havaya sıxmalıyıq