Tanınmış Azərbaycan yazıçısı Afaq Məsudun kitabı Gürcüstanda nəşr olunub. Gürcüstan Yazıçılar Birliyinin dəstəyi ilə “Merani” nəşriyyatı tərəfindən ərsəyə gətirilmiş kitaba yazıçının müxtəlif illərdə qələmə aldığı “Qəza”, “II İoann”, “Gecə”, “Şənbə gecəsi”, “Uydurma”, “Qu quşu”, “Kirxa”, “Dovşanın ölümü” kimi hekayələri və “Azadlıq” romanı daxil edilib.
Kitabın redaktoru və ön sözünün müəllifi tanınmış şair, “İlya Çavçavadze” mükafatı laureatı, Gürcüstan Yazıçılar Birliyinin sədri Bağater Arabulidir. “Azadlıq” romanını müasir dünya ədəbiyyatının ən uğurlu əsərlərindən biri kimi qiymətləndirən Bağater Arabuli yazır:
“Afaq Məsud Azərbaycanın böyük ədəbi simaları pleyadasının ən layiqli nümayəndələrindəndir. Qonşu xalqın müasir bədii ədəbiyyatını onun parlaq yaradıcılığı olmadan təsəvvür etmək mümkün deyil.
Belə deməyə əsas yaradan nədir? Biz onun yazıçı dünyasının zənginlikləri ilə, sözün əsl mənasında, yalnız indi tanış olmağa başlayırıq. Bu fakt isə təəssüf doğurur. Bəli, təəssüf doğurur, çünki on bir hekayə və bir romandan ibarət olan bu kitabın müəllifi böyük yazıçılarla bir sırada dayanan, ədəbiyyatda tamamilə fərqli bir yer tutan monumental bir simadır. O, həyatın bizə təqdim etdiyi ən mürəkkəb mövzulara cəsarətlə girişir və bir qayda olaraq, bu qeyri-bərabər döyüşdən həmişə qalib çıxır. Onun mükəmməl “Can üstdə” və “Sərçələr” hekayələri gürcü oxucusuna yaxşı tanışdır. Həmin əsərlər “Siskari”, “Mserlis qazeti” və “Sxivi” dərgilərində çap olunmuşdur.
Bu əsərlərdən heç biri nə süjet, nə fabula, nə də mövzu baxımından bir-birinə bənzəmir. Amma onları birləşdirən bir şey var: bu, dövrün nəbzi, zamanın nəfəsidir, amansız zamanın nəfəsi”.
Kitabı gürcü dilinə İmir Məmmədli tərcümə edib.