Şimali Kipr Türk Cümhuriyyətinin Bakı təmsilçisi Ufuk Turganer, Şimali Kipr Turizm, Gənclik və Ətraf Mühit Nazirliyi Mədəniyyət Departamentinin İdarə Heyətinin üzvü, tanınmış yazıçı Ceyhan Özyıldız, tanınmış şair-yazıçı Serkan Soyalan Dövlət Tərcümə Mərkəzinin qonağı olublar.
Görüş zamanı Azərbaycan–Şimali Kipr ədəbi-mədəni əlaqələrinin genişləndirilməsi, Azərbaycan ədəbiyyatı və mədəniyyətinin Şimali Kiprdə, Şimali Kipr ədəbiyyatının Azərbaycanda, eləcə də beynəlxalq müstəvidə tanıdılması istiqamətində həyata keçiriləcək layihələr müzakirə edilib. Nəzərdə tutulan tədbirlərin təşkili ilə bağlı Dövlət Tərcümə Mərkəzi ilə Şimali Kipr Türk Cümhuriyyətinin Bakı təmsilçiliyi arasında qarşılıqlı əməkdaşlığa dair Memorandumun imzalanması qərara alınıb.
Görüşün sonunda qonaqlara Mərkəzin Aygün Attarın “Qarabağ zəfəri – 44 günün pərdəarxası” kitabı, “Dünya ədəbiyyatı inciləri” seriyasından kitablar və “Xəzər” dünya ədəbiyyatı jurnalı, nümayəndə heyəti tərəfindən Mərkəzə Şimali Kiprin tarix və mədəniyyətindən bəhs edən kitab və suvenirlər hədiyyə edilib.