İspaniyanın populyar “Babab.Cultura de revista” elektron ədəbiyyat jurnalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycan Xalq şairi Səməd Vurğunun ispan dilinə tərcümə olunmuş “Şair, nə tez qocaldın sən?”, “Mən tələsmirəm...” şeirlərinin yayınına başlayıb.
Şairin yaradıcılığı haqqında məlumatla təqdim olunan şeirlərin ispan dilinə tərcümə müəllifləri – tanınmış ispan tərcüməçisi Raul Poggi Alexandro və ispan dili mütəxəssisi Tutuxanım Yunusovadır.
Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən izlənən “Babab.Cultura de revista” jurnalı mütəmadi olaraq, öz səhifələrində İzabella Berd, Tomas Mann, Qabriel Qarsia Markes, Mario Varqas Lyosa, Blanka Andreu kimi dünya korifeylərinin yaradıcılığını işıqlandırır.
Səməd Vurğun
(1906–1956)
· Şair, dramaturq, tərcüməçi, ədəbiyyatşünas;
· Azərbaycan Yazıçılar İttifaqının sədri, Azərbaycanın Xarici Ölkələrlə Mədəni Əlaqələr Cəmiyyətinin sədri, Azərbaycan SSR Elmlər Akademiyasının vitse-prezidenti vəzifələrində çalışıb;
· “Azərbaycan”, “Ceyran”, “Aygün”, “Bulaq əfsanəsi”, “Qız qayası”, “Vaqif”, “Fərhad və Şirin”, “İnsan” kimi yüzlərlə şeir, poema və dram əsərlərinin müəllifidir;
· Azərbaycanın ilk “Xalq şairi” fəxri adına layiq görülüb.