Qismətin şeirləri Avstriya portalında
7 İyul 2023 Manshet_1

Avstriyanın populyar “Gedichtesammlung.net” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində gənc, istedadlı şair, esseçi Qismətin alman dilinə tərcümə edilmiş “Sevginin gözləri VanqaGecənin melanxoliyası”  Bağışlanma” şeirlərinin yayınına başlayıb.

Şairin yaradıcılığı haqqında məlumatla təqdim olunan şeirlərin alman dilinə tərcümə müəllifləri – Avstriya filoloq-alimi Andreas Kriber və alman dili mütəxəssisi Məryəm Səmədovadır.

Qeyd edək ki, 2006-cı ildən fəaliyyət göstərən “Gedichtesammlung.net” portalı ən istedadlı  dünya ədəbi gəncliyinin yaradıcılığını işıqlandırır.

 

 Qismət

 

· şair, tərcüməçi;

· 1986-cı ildə Bakıda anadan olub;

· Odlar Yurdu Universitetinin "Jurnalistika" fakültəsini bitirib;

· “Vitrin""Meqapolis hüznləri" və  "Qumru əlifbası" şeir kitablarının, "Gələcəyin tarixi" esselər kitabının müəllifidir.

· Vladimir Nabokovun "Rus ədəbiyyatından mühazirələr", Arkadi Suçevyanunun "Qağayı ilə göndərilən məktub" kitablarının Azərbaycan dilinə tərcümə müəllifidir.

 

 

Sevginin gözləri Vanqa

 

Beşinci mərtəbədə yaşayan

ərgənlik qız

hər səhər qarşı binanın

doqquzuncu mərtəbəsindən düşən işıqla açar

gözünü.

Elə ki qalxdı və yudu əl-üzünü,

çayı qaynatdı, süfrəni açdı, elə ki

tələsik çayını içə-içə, yağ-balını yeyə-yeyə

guya otağın havası dəyişsin deyə

pərdələri çəkər,

pəncərələri açar üzü doqquzuncu mərtəbəyə.

Otağın havasından çox öz havası dəyişər

Qızın içinə bir işıq düşər

işıq düşər doqquzun eyvanındakı siqaret

közündən...

Maqnit kimi dartar qızı doqquzuncu mərtəbə.

Dartılar doqquza tərəf

ürəyi, saçları, əlləri, gözləri…

az qalar qanadlanıb uçsun.

Birdən qızı

atası-anası çağırar, qardaşı çağırar.

Bax onda mıxlanar,

elə həmin eyvana mıxlanar

qızın ürəyi, saçları, əlləri, dizləri…

Doqquzuncu mərtəbədə siqaret çəkən cavan

beşinci mərtəbədə gördüyü qıza baxar, düşünər,

arvadını səsləyər, deyər:

“beşinci mərtəbədə qalan qız kor deyil ki?“

“Bilmirəm”, – deyər arvadı, “Nə olub ki?“

“Hər səhər bizim eyvana elə baxır, elə bil, heç nə

görmür…“

 

 

Gecənin melanxoliyası

 

Divarda əriyir

stoldakı şamın kölgəsi.

Şam işığı boyunca qaranlıqdı

işığın çatmadığı yerlər.

Masadakı adamlar üzü qara, susmuş...

Əsəbdən əlindəki alışqanı oynadır kişi

alışqanın gücü çatmır qaranlığa.

kişi masaya atır alışqanı

divarda əriyən kölgədə alışdırır

dodağındakı darıxmağı.

kişi bir tüstü darıxmaq çəkir içinə,

bulud üfürür qaranlığa,

alışır qanı

götürür alışqanı...

Qadın şamda bişirir baxışlarını...

Qaranlıq melodiyasının zilində

susur iki nəfər.

Sonra kişi darıxmağını çəkib bitirir

qadın yandırıb qurtarır şamda baxışlarını...

Əriyir divarda

stoldakı şamın kölgəsi.

Azalan şam kölgəsi boyunca uzanır gecə

kişi alışqanı oynadır yenə

qadın baxışlarını atır şamın içinə

və beləcə

gecə nəqarətlənir.

 

Bağışlanma

 

Özünə məhkum olduqca,

özün cavablar verdikcə öz suallarına

çəpərlərin böyüyər, hasarların ucalar,

adamlar o tayda qalar,

sən eynəklərinin arxasında...

mən tütünlər çəkib şərablar içmiş,

dənizlərdə günəşlər batırmış adamam.

özündən yaxşı heç kim aldatmır adamı...

Hara gedirəm, gedim,

Harda gizlənirəm, gizlənim,

elə hey arxamca düşür

yeni günün axşamı.

Amma bilirəm

gün gələcək, uduzacaq eynəklər gözlərə,

şairlər sözlərə uduzacaq gün gələcək,

səslər qulaqları bağışlayacaq,

yollar ayaqları.

Allah uşaqları...